25 aprel 2025 01:24
101

"Kəmər və yol" layihəsi region üçün qlobal əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir

Azərbyacanla Çin arasında əlaqələr bu gün olduqca dinamik şəkildə və kifayət qədər uğurla inkişaf edir. Bu hal, xüsusilə logistika üzrə özünü getdikcə daha qabarıq formada büruzə verir. Burada qeyd edək ki, Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü "Kəmər və yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Müasir dünya tarixində ən iddialı iqtisadi proqramlardan biri kimi qəbul edilən bu təşəbbüs beynəlxalq iqtisadi münasibətlər sistemində çox böyük dəyişikliklər yarada biləcək bir təşəbbüsdür. Bu səbəbdəndir ki, "Kəmər və yol" təşəbbüsünün beynəlxalq səviyyədə yüklərin daşınmasında və milli gəlirlərin həcmində ciddi artıma, regional inkişafa təkan verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Kəmər və yol" (əvvəlki adı ilə “Bir kəmər, bir yol”) adlı yeni layihənin əsasını qoydu. Layihə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini aktivləşdirmək üçün təklif edilən konsepsiyadır. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Hazırda bu layihənin reallaşmasında Azərbaycan əsas ölkələrdən biridir. Ölkəmizin nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malik olması isə onun nəqliyyat-logistika üstünlüyünü açıq şəkildə büruzə verir. "Kəmər və yol" təşəbbüsünün uğurla reallaşması isə Azərbaycanın tranzit imkanlarından xeyli asılıdır. Başqa sözlə, sözügedən strategiyanın həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Belə ki, ötən il noyabrın 24-də Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salındı. Bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirdi. Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. "Kəmər və yol" layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu malik ölkə olub. Xüsusən də Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu "Kəmər və yol" strategiyasının səmərəliliyini də artırır. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində sözügedən məsələ ilə bağlı mühüm məqamlara toxunaraq bildirib: “Məlum olduğu kimi, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Ölkə başçılsının sözlərinə görə, özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri "Kəmər və yol" təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır: “Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır”.

"Kəmər və yol" layihəsi isə region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir. Bundan başqa, elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Azərbaycan Gürcüstan və Qazaxıstanla vahid tarifin tətbiq edilməsi ilə bağlı razılıq əldə edib. Bu da iş adamları üçün beynəlxalq yükdaşımalar baxımından çox vacibdir. Azərbaycan Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında "Ro-Ro" terminalını istifadəyə verib. Bu da yükdaşımalarda vaxta qənaət edilməsi baxımından mühüm addımdır. "Kəmər və yol" layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından çox vacibdir. Layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin artmasına da müsbət təsirini göstərir. Qeyd edək ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun ölkəmizin xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxaraq bu göstərici 17,69 faizə çatıb. Həmçinin, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Sevinc Azadi, “İki sahil”