Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bu sözləri “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
“Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə sahibkarların bu tip tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulub. Fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. İş adamlarını bu fürsətdən daha aktiv istifadə etməyə çağırırıq”, - deyə Gündüz Kərimov qeyd edib.
PA-nın şöbə müdiri bildirib ki, konfrans əlamətdar hadisələrə həsr olunub: “Bu ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan konstitusiyamızın 30 illiyi tamam olur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən zəfərin 5 ili tamam olur. Eyni zamanda, “Sahibkarlar Günü”nün təsis edilməsinin 10-cu ildönümünə qədəm qoyuruq. Konstitusiyamızda bir sıra əhəmiyyətli məsələlər təsbit edilib. Bunlar mülkiyyətin qorunması, sahibkarlığın inkişafı və digər vacib konsepsiyalardan ibarətdir. Artıq Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycanın suverenliyinin tam bərpa olunmasından, yeni regional gündəliyin bərqərar olunmasından, regional inkişafın, kommunikasiyaların açılmasından ibarətdir. Bunlarla yanaşı, işğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin yaradılması iqtisadiyyatın təşkilini şərtləndirir”.