26 aprel 2025 17:13
119

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb

Aprelin 25-27-də Azərbaycanın Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Simulyasiya Konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, aprelin 26-da tədbirin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni təsis olunmuş universitetdə ötən il ölkəmizin ev sahibliyi etdiyi iqlim konfransının simulyasının keçirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın uğurlu COP29 təcrübəsindən bəhs edib və bu xüsusda, Azərbaycan Sədrliyindən xüsusi gözlənti olan iqlim maliyyəsi üzrə qərarın qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini ötən ilin noyabrında Bakıda keçirilmiş COP29-da əldə olunan mühüm nəticələri, o cümlədən öz təcrübələrini gənclərlə bölüşüb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli öz növbəsində iqlim savadlılığının gənclərin iqlim fəaliyyətində iştirakını təmin etmək üçün əhəmiyyətli bir komponent olduğunu bildirib.

Açılış mərasimində QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərə iqlim dəyişikliyi ilə mübarizədə innovativ fikirlər və dayanıqlı həllərlə çıxış etməyə çağırış edib. Sonra İƏT-in Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov gəncləri konfrans müddətində aktiv iştirak etməyə çağırıb.

Daha sonra konfransın açılış mühazirəsi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyətləri üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Qarabağın işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını xatırladan səfir məhz Azərbaycanın birtərəfli şəkildə münaqişənin həll etdiyinin ümümbəşəri əhəmiyyətli bu unikal təbiət bölgəsinin də ekoloji baxımdan qorunmasına yol açdığını xüsusi vurğulayıb.

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında “Xankəndi Anlaşma Memorandumu” imzalanıb.

Qeyd olunmalıdır ki, iki günlük konfransda tələbələr ölkələr, beynəlxalq təşkilatlar və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər. Tədbir iştirakçıları COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.