26 aprel 2025 17:58
138

Mətin Kərimli: Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib

Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb.

Onun sözlərinə görə, Xankəndidə yerləşən Qarabağ Universiteti sadəcə bir təhsil məkanı deyil, həm də yeni ideyaların və mənalı mübadilələrin mərkəzidir:

“Demək olar ki, hər gün burada mühüm tədbirlər keçirilir. Bu gün yerli və beynəlxalq tərəfdaşların dəstəyi ilə təşkil olunan bu konfrans da olduqca önəmlidir. Burada aydın bir mesaj verilir: gənclərin səsi önəmlidir”.

M.Kərimli gənclərin iqlim problemlərinin həllində aparıcı rol oynadığını vurğulayıb:

“Yeni nəsil iqlimlə bağlı hərəkət etmək üçün gözləmir, onlar artıq bu işi icra edir. İqlim dəyişikliyi hər kəsə, amma ən çox da gənc nəsilə təsir edir. Ona görə də gənclər bu problemin həllinin bir parçası olmalıdır. Biz gənclərin təkcə danışmaq deyil, həm də liderlik etmək, hərəkətə keçmək və ilham vermək bacarığına inanırıq. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi olaraq hesab edirik ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir. Ona görə də iqlimlə bağlı məsələləri və innovasiyanı gündəlik təhsilin bir hissəsinə çevirməyə çalışırıq”.

Aparat rəhbəri daha sonra COP29-dan da söz açaraq bu tədbirin çox böyük təcrübə olduğunu vurğulayıb:

“COP29 bizə çox şey öyrətdi, ancaq həm də çox şeyi bacardığımızı sübut etdi”.