Mingəçevir Turizm Kollecində 24 aprel 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar tələbələrin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Tədbirə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev iştirak etmişdir.
“İki sahil” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
İlk olaraq Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır və Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə, həmçinin, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəliklərin önə çəkilməsinə xidmət edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədri Bəxtiyar Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hər birimizə tövsiyəsi belədir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.” Həmçinin onu da qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində konstitusiyada əks olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin reallaşması təmin olunub.
Tədbir Kollecin Tədris şöbəsinin müdiri, tarixçi Ceyhun Abdullayevin, tarix müəllimi Məleykə Vəliməmmədovanın və kollec tələbələrin çıxışları ilə davam edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan kollecin əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim olunub.