Bu ilin I rübündə Azərbaycanda Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə edilən müraciətlərin 1 435-i elektrik enerjisi təchizatı ilə bağlı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, ilin ilk rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən ümumilikdə 1 793 müraciət daxil olub.
Bu müraciətlərdən 244-ü təbii qaz təchizatı, 57-si istilik təchizatı ilə bağlı olub. Digər məsələlərlə bağlı isə 57 müraciət göndərilib.
Müraciətlərdən 1 177-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (31 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 296 müraciət hazırda baxılma prosesindədir, 320 məlumat xarakterli müraciətdən 126-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Qeyd edək ki, agentlik istehlakçılardan elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı ilə bağlı Çağrı Mərkəzi, şəxsi müraciət, həmçinin elektron poçt və ya sosial şəbəkə vasitəsilə daxil olan müraciətlərə baxır. Müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin icrasına dövlət nəzarətini həyata keçirir.