28 aprel 2025 15:50
93

Mərkəzi Bank ətraf mühitin mühafizəsi tədbirlərini dəstəkləyir

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Mərkəzi Bankın sədr müavini Gülər Paşayevanın iştirak etdiyi bu aksiyada qurum və assosiasiyaların rəhbər şəxsləri, eləcə də assosiasiyaya üzv təşkilatların 250-yə yaxın nümayəndəsi qatılıb.

Aksiya zamanı iştirakçılar tərəfindən 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən yuxarı iqlimə uyğun müxtəlif növ ağacların əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulub.

Xatırladaq ki, Memorandum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.