29 aprel 2025 08:29
106

İzmirli mütəxəssis: Milli Oftalmologiya Mərkəzində həyata keçirilən əməliyyatlar dünya standartlarına çatır

Akademik Zərifə Əliyeva fəaliyyəti dövründə Azərbaycanda traxoma başda olmaqla bir sıra göz infeksiyalarının aradan qaldırılmasında, bununla yanaşı, neft sənayesində çalışan işçilərin gözlərinin sağlamlığı ilə əlaqədar bir çox araşdırmanın başladılmasında və mühüm tədqiqat laboratoriyalarının qurulmasında pay sahibi olan görkəmli alim, çox mühüm elm adamıdır. Onun 102 illiyi münasibətilə təşkil edilən tədbirin bir parçası olmaq mənə qürur verir.

“İki sahil” xəbər verir ki, bunu İzmirdən gələn həkim Süleyman Kaynak jurnalistlərə müsahibəsində deyib.

Türkiyəli mütəxəssisin sözlərinə görə, son illərdə bütün dünyada əhali qocalır və yaşa bağlı xəstəliklər başda olmaqla bir sıra xəstəliklərə rastgəlmə tezliyi artıb: "Həmin xəstəliklərin müalicəsində bir çox yeni müalicə üsulunun tətbiqinə şahidik. Yaşla bağlı və digər xəstəliklər fonunda yaranan göz xəstəliklərinin müalicəsində son illərdə gözün içinə tətbiq edilən bir sıra spesifik dərmanların, ehtiyacı olan xəstələrə isə çox müasir texnologiyaların tətbiqi ilə edilən cərrahi əməliyyatların insanların görməsini qorumağa böyük fayda verdiyinə şahid olmaqdayıq. İnsanlar getdikcə gözlərini daha çox istifadə etməkdədirlər. Bu gün telefon, kompüter istifadə etmək və planşetlərə baxaraq gündəlik həyatımızı dəyərləndirmək bir çox insanın həyatına təsir edib. Bu səbəbdən insanların eynək istifadə etmələri bəzən çox mümkün olmur. Eynəyin yerinə yeni müalicə üsulları istifadə edilməyə başlanılıb ki, burada ekzimer lazeri xüsusi qeyd etmək lazımdır. Həmçinin katarakta, gözdaxili təzyiqin tənzimlənməsi və qlaukoma xəstəliyinin müalicəsində bir çox dərman müalicələri və cərrahi metodların istifadəsinə başlanılıb.

Bunu da vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan oftalmologiyasının son illərdə ciddi inkişaf yolunda olduğunu, xüsusilə Milli Oftalmologiya Mərkəzində həyata keçirilən müalicə və cərrahi əməliyyatların dünya standartlarına çox sürətli şəkildə çatdığının şahidi oluruq. Zərifə xanım Əliyevanın 102 illiyə həsr edilmiş konfransda da oftalmologiya sahəsində beynəlxalq səviyyədə ortaya çıxan inkişafdan söhbət açılıb, aparılan tədqiqatlar müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlə müzakirə edilib. Bu səbəbdən, konfransın yeni məlumatları paylaşmaq baxımından böyük faydası olacaq".