25 aprel 2025 20:12
453

Yaxşı müəllim anlayan, dinləyən, böyüyən və böyüdəndir - MÜSAHİBƏ

Xanım Qasımova: Mən bilik verməklə yanaşı, arzuları oyatmağa, ümidləri yandırmağa çalışıram

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeirində də deyildiyi kimi, hər könüldə yeri, hər kənddə və şəhərdə meyvələri olan hörmətli müəllimlərimizin əkdiyi ağacların gülü, çiçəyi solmur. Dünyada müəllim kimi barlı bağban tapılmır. Balaca əllərimizdən tutub təhsil pillələrini bizimlə birgə qalxan müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. Budəfəki müsahibimiz də məhz ömrünün 35 ilini bu müqəddəs peşəyə həsr edən, bütün gücü ilə peşəsinə bağlı olan, müasir tədris metodlarından professional şəkildə faydalanmağı bacaran  Xanım Qasımovadır. Həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibi ilə onun sənətinə olan sevgisindən, şagirdlərindən əsirgəmədiyi diqqət və qayğıdan, yaradıcılıq yolundakı uğurlarından, təlim-tədris metodlarından ətraflı danışdıq.

-İstərdik ki, özünüz barədə oxucularımıza məlumat verəsiniz…

- Filologiya üzrə fəlsəfə doktoru,"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 2003-2024-cü illər arasında  4, 5 və 7-ci siniflər üçün "Azərbaycan dili" dərsliklərinin və metodik vəsaitlərin,bir moniqrafiya,18 elmi məqalənin müəllifi, Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyası   Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasının məzunu , bir çox “e-Twinning”  beynəlxalq  təhsil layihəsinin qurucusu və iştirakçısıyam. Hazırda Bakı şəhəri Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb- liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi  kimi fəaliyyət göstərirəm. Ailəliyəm, bir oğlum və bir qızım var. Həyatda ən böyük dəyərim ailəm və  müəllimliyimdir. Sadə Azərbaycan qadınıyam. Amma bu sadəlikdə böyük bir məsuliyyət, sevgi və yaşam enerjisi gizlənir. Həyatım ailəm və sinif otağım arasında bölünüb. Günümün əsas hissəsi sinif otağında parlayan gözlərlə işıq saçır. Özümü tanıdan bir cümlə varsa , o da “Qəlbi müəllim olan qadın” olar.

Hər uşaqdan bir həyat dərsi öyrəndim

- Niyə məhz müəllimlik? Müəllimliyə marağınız necə yaranıb?

-Bəziləri müəllim olmağı seçir. Mən isə müəllim doğuldum, desəm, yanılmaram. Məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Şaiq müəllimim məni öz davamçısı kimi görmək istədiyini bildirdiyi andan bu arzunu reallaşdırmağa çalışdım. Seçdiyim digər ixtisas istəyi  müəllimə olan hörmət və sevgimi üstələyə bilmədi. Uşaqlıqda oyuncaq taxtanı lövhə, qələmi isə çubuq kimi tutub, bacı-qardaşıma “dərs” keçdiyim günləri xatırlayıram. O kiçik oyunlar böyüyüb bugünkü həyat missiyama çevrildi. Mən bilik verməklə yanaşı, arzuları oyatmağa, ümidləri yandırmağa çalışıram.

– Neçə ildir müəllim kimi fəaliyyət göstərirsiniz?

-Otuz beş il.. Kağız üzərində iki rəqəm, amma ruhumda minlərlə hekayə. Hər il bir  neçə sinif, hər sinif bir dünya ... Bu illər ərzində mən təkcə dərs keçmədim , hər uşaqdan bir həyat dərsi öyrəndim.

Hər biri mənə övladım qədər əzizdir

– Bu peşə sizin üçün nə ifadə edir? Sizcə, yaxşı müəllim kimdir ?

-Bu peşə mənim üçün nəfəs kimidir. İnsan nəfəs almadan yaşaya bilmədiyi kimi, mən də sinif otağından, şagirdlərimdən uzaq yaşaya bilmərəm. Hər biri mənə övladım qədər əzizdir  Yaxşı müəllim o deyil ki, sadəcə, fənnini bilsin. Yaxşı müəllim  anlayan, dinləyən, böyüyən və böyüdəndir. O, biliklə bərabər sevgi ötürür. Təməlində qarşılıqlı hörmət, məsuliyyət , intizam  olan təhsil  və müəllim uğurlu ola bilər. 

Şagirdlərimin gözlərində sevinc,
dodaqlarında "müəllimim"
hətta "anam" kəlməsi varsa, deməli,doğru yoldayam

– Özünüzü yaxşı müəllim sayırsınızmı?

- Bu sualı şagirdlərim cavablandırarsa, düzgün olar.  Amma hər gün daha yaxşı olmaq üçün çalışıram.O insan uğurlu ola bilir ki, öz işində qazandıqlarına qane olmasın. Şagirdlərimin gözlərində sevinc, dodaqlarında "müəllimim" hətta "anam" kəlməsi varsa, deməli ,doğru yoldayam.

– Müəllim kimi ilk dərs gününüzü necə xatırlayırsınız?

-Əllərim də, ürəyim də  titrəyirdi. Lövhəyə yazacağım ilk söz, deyəcəyim ilk "Salam"  həyatımın unudulmaz anları idi. Sinifdəki sükut, maraqlı baxışlar, içimdəki arzular... O gün məni dəyişdi. Həqiqətən də müəllim olmaq  yenidən doğulmaq kimi idi. Gözəl bir aləmə düşmüşdüm. Hər bir şagirdim üçün daşıyacağım məsuliyyəti dərindən hiss edirdim.

– Peşənizin çətin tərəfləri nədir?

-Ən çətini odur ki, bəzən cəmiyyət bu işin dəyərini tam anlamır. Amma biz müəllimlər çətinliklərə baxmadan  hər gün bir fidanı böyütməyə davam edirik. Tələbkar olmaqla yanaşı, şəfqətli olmağı öyrənmək də bu yolun çətin dərslərindəndir.

...Yazıçı olardım

– Əgər müəllim olmasaydınız?..

- Bəlkə də yazıçı olardım.... Amma yenə insan ruhuna toxunardım. Mənim üçün müəllimlik  peşəsinin əsl   mahiyyəti  başqasının həyatına işıq salmaqdır, doğru yol göstərməkdir.

 – Uğur qazanmaq üçün özünüzə həmişə nə deyirsiniz?

-“Dayanma.” Həyat da, zaman da, uşaqlar da hərəkətdədir. Bu hərəkət şagirdlərimi  də, özümü də daim  irəli aparır. Mən də dayanmadan öz üzərimdə işləməyə, yenilənməyə borcluyam. Uğur səssiz zəhmətlərin səsi ilə gəlir. Şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün  tez-tez debatlar keçirir, tədris etdiyimiz müəlliflərin əsərlərini tamaşaya hazırlayır, TEDx  çıxışları təşkil edirik. Yeri gəlmişkən, bu yaxınlarda şagirdlərimlə birgə  səhnələşdirdiyimiz  M. F. Axundzadənin "Hekayəti -Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur "əsərinin tamaşasına sizi də dəvət edirik.

Ən gözəl qiymət dərs zamanı şagirdlərimin gözlərindən oxuduğum sevgidir

– Şagirdlərinizin sevgisini ən çox nə vaxt hiss edirsiniz?

-Tez-tez lövhə üzərində “Sizi çox sevirik, müəllim” yazısını görürəm. O zaman düşünürəm: bu dünyada işimə  verilən  ən gözəl qiymət dərs zamanı şagirdlərimin gözlərindən oxuduğum  sevgidir.

– Şagirdlərinizin sizi çıxılmaz vəziyyətdə qoyduğu anlar olubmu?

-Əlbəttə. Bəzən ən gözlənilməz anda elə bir sual verirlər ki, səni "hazırlıqsız" yaxalayırlar. Bir dəfə şagird soruşdu: “Müəllim, xoşbəxt olmaq da öyrənilən bir dərsdir?” Cavabı kitabda yox idi… Amma düşündüm, dərindən nəfəs aldım və dedim: “Bəli, öyrənilir. Hər gün özümüzə yaxşılıq edərək, başqasını anlayaraq, xoşbəxtliyi seçməklə öyrənilir.” O gündən bəri mən də bu dərsi hər gün öyrənirəm.

Sirr bölüşən şagirdlərim çox olub

–Sinifdə müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz? Şagirdlərinizdən sizinlə sirrini bölüşən olubmu?

-Münasibətləri sevgi və sərhəd üzərində qururam. Onlara dost deyil, amma onları anlayan bir böyüyəm. Sirr bölüşən şagirdlərim çox olub. Bəzən etiraf, bəzən ailəvi sıxıntılar… Onlar danışır, mən dinləyirəm. Və içimdə düşünürəm :" Bir insanın ruhuna toxunmaq üçün müəllim olmaq kifayətdir".

– Məktəbi bitirib məzun olan şagirdlər sizi yada salırlarmı? Onlarla ünsiyyət saxlayırsınızmı?

-Əlbəttə! Sosial şəbəkədə ad günümdə yazan o tələbələr, bəzən yolda qarşılaşanda boynuma sarılan köhnə şagirdlər… Onların həyatına toxunduğumu hiss etmək ən böyük mükafatdır. Hətta aralarında bu peşəni seçənlər də var , onlar mənim ruh davamçılarımdır.Məktəbdən ayrılıb getsələr də ,daim axtarıb-arayan vəfalı  məzunlarımızdan eşitdiyim xoş sözlər yaşam motivasiyamdır.

– Bəzən deyilir ki, "o dövrün şagirdləri başqa idi". Siz bu barədə nə düşünürsünüz?

-Dəyişməyən tək şey – dəyişimdir. Zaman dəyişir, texnologiya inkişaf edir, uşaqlar da fərqli düşünür. Amma bir şey dəyişmir – sevgi axtaran, anlayış istəyən uşaq ruhu. İstər 1990-cı il olsun, istər 2025, hər uşaq, sadəcə, anlaşılmaq və sevilmək istəyir. Müəllim bu dili danışmağı bacarsa, fərq yoxdur, hansı dövrdədir.

Əvvəllər təhsil, sadəcə, kitab və yazı demək idi. İndi isə...

– Təhsilə münasibət necə dəyişib, sizcə?

-Əvvəllər təhsil, sadəcə, kitab və yazı demək idi. İndi isə təhsil həm də şəxsiyyət formalaşdırmaq, yol göstərməkdir. Müasir dövrün uşağı təkcə məlumat axtarmır, həm də yol yoldaşı, motivasiya mənbəyi axtarır. Bu səbəbdən müəllim özünü daim yeniləməlidir.

Onlarla dərsdə "oyun oynayıram"

– Şagirdləri dərs prosesinə necə cəlb edirsiniz? Onların yorulmaması üçün hansı metodlardan istifadə edirsiniz?

- Onlarla dərsdə "oyun oynayıram". Təbii ki, bu oyun bilik üzərində qurulub – debatlar, qrup işi, hekayə qurma, rollu oyunlar... Bəzən bir sual kiyayət edir: “Təsəvvür edin ki, siz bu mövzunu başqasına öyrədirsiniz – necə izah edərdiniz?” Beləcə, özləri öyrənirlər.

– Təhsil sistemimizlə bağlı  fikirlərinizi bilmək istərdik. Nə sizi qane edir, nə  etmir?

-Qəbul etməliyik ki, yolumuz var. Bu ölkədə  o yolu təmənnasız qət edən minlərlə müəllim var. Daha çox praktiki dərslər, yaradıcı metodlar, psixoloji dəstək sistemləri tətbiq olunmalıdır. Müasir şagirdə müasir yanaşma lazımdır.

– Şagirdlərinizə ən çox hansı tövsiyəni verirsiniz?

-Hər gün bir yaxşılıq et, heç kimin bilmədiyi bir yaxşılıq. Çünki yaxşı insan olmadan uğurlu insan olmaq mümkün deyil. Və mən istəyirəm ki, şagirdlərim uğurlu olmaqla yanaşı, gözəl qəlbli olsunlar. Elmin incəliklərini öyrənməklə iki  birincinin birincisi ol .

Əgər məktəbdəki dərslər ehtiyacı qarşılayırsa, repetitor zəruri deyil

– Özünüinkişaf üçün nə edirsiniz?

-Mütaliə  mənim üçün nəfəs kimidir. Həm bədii, həm pedaqoji ədəbiyyat oxuyuram. Hər ay ən azı bir vərdişimi dəyişməyi qarşıma hədəf qoyuram. İnsan inkişaf etdikcə çevrəsi də dəyişir.

Sosial şəbəkələr həm fürsətdir, həm də təhlükə

-Sosial şəbəkələrə aludəçiliyi necə qiymətləndirirsiniz?

-Bu, həm fürsətdir, həm təhlükə. Biz uşaqlara balans öyrətməliyik. Texnologiya onların aləti olmalıdır, özü yox. Bu sahədə ailə və müəllim çiyin-çiyinə çalışmalıdır.

– Şagirdlərinizin kitab oxumağa marağı sizi qane edirmi? Onlarda mütaliə sevgisini necə artırırsınız?

-Hekayələrlə. Bəzən bir dərsdə qəhrəman yaradırıq, bəzən kitabdakı sonu özümüz yazırıq. Oxumağı məcburiyyət yox, macəra kimi təqdim edirəm. Çünki kitab uşağın ruhuna səssiz toxunuşdur.

– Sizcə, repetitorluq vacibdirmi?

-Əgər məktəbdəki dərslər ehtiyacı qarşılayırsa, repetitor zəruri deyil. Amma hər uşaq fərqli öyrənir. Bəzən əlavə dəstək motivasiya mənbəyinə çevrilir. 

– Peşənizdə hansı yenilikləri etmək istərdiniz?

-Ən böyük arzum dərslərimi interaktiv platformaya çevirməkdir. Elə bir dərs olsun ki, həm əyləndirsin, həm düşündürsün, həm də motivasiya etsin.

Bu peşə qızıl deyil, lakin  qızıldan da dəyərlidir

– Müəllim olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

Sonra da yavaşca doğma məktəbin qapısından çıxacağam…

-Əgər müəllimliyi ürəyinizlə seçirsinizsə, qorxmayın. Bu peşə qızıl deyil, lakin  qızıldan da dəyərlidir. Amma bilin ki, siz bir cəmiyyət qurursunuz. Bu cəmiyyətin ilk bünövrəsi müəllimdir. Özünüzü sevin, daim öyrənin və heç vaxt inamınızı itirməyin.

– Maraqlıdır, Xanım müəllim, müəllim kimi son dərs gününü necə təsəvvür edir?

-Qarşıma minlərlə gülüş, minlərlə baxış çıxacaq. Amma mən , sadəcə , bir cümlə deyəcəyəm: “Əgər siz uğurlu və xoşbəxtsinizsə, deməli, mən bu yolu doğru getmişəm.” Sonra da yavaşca doğma məktəbin qapısından çıxacağam… Və  bir müəllim ömrü  başa çatacaq.

-Xanım müəllimə, müsahibəmizi nikbin notlarla sonlandırmasaq da, maraqlı və səmimi keçən söhbət üçün sizə təşəkkür edirik. Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”