24 aprel 2025 23:35
135

Arzularımdan biri məhz bu ali məktəbdə oxumaq idi, çünki… - BANM-ın tələbəsi

BANM tələbələrinə real istehsalat təcrübəsi qazandıran imkanlar təqdim edir və SOCAR ilə sıx əməkdaşlıq bu məktəbin praktiki tərəfini daha da gücləndirir

“İki sahil” qəzetinin növbəti müsahibi Bakı Ali Neft Məktəbinin (BANM) III kurs tələbəsi Fatimə Nəsirova tələbəlik dövrü və gələcək hədəfləri ilə bağlı fikirlərini oxucularımızla bölüşür.

- BANM-ın tələbəsi Fatimə kimdir? İlk olaraq səni yaxından tanıyaq.

- Mən, Fatimə Nəsirova Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə III kurs tələbəsiyəm. Məqsədyönlü, çalışqan və daim öz üzərində işləməyi sevən biriyəm. Özümü inkişaf etdirmək, ölkəmin enerji sahəsində peşəkar kimi xidmət etmək istəyirəm.

- Səni bu ixtisası seçməyə kim həvəsləndirdi?

- Bu sahəyə marağım özümə məxsusdur, amma valideynlərimin də dəstəyi böyük olub. Uşaqlıqdan konkret olaraq “kimya mühəndisi olacağam” deməmişdim, amma təcrübələr, laboratoriya işləri mənə həmişə maraqlı gəlirdi. Zamanla bu maraq daha ciddi istiqamət aldı. Çünki anladım ki, kimya mühəndisliyi təkcə düstur və reaksiya deyil, sənaye, texnologiya və hətta gündəlik həyatla çox ciddi əlaqəsi var. Özümü bu sahədə inkişaf etdirmək, real problemlərə texniki həll yolları tapmaq mənim üçün həm maraqlı, həm də dəyərli bir yoldur.

- İmtahanlara hazırlaşarkən əsas hədəfin nə idi?

- Əsas hədəfim yüksək nəticə ilə prestijli bir universitetə qəbul olunmaq idi. Arzularımdan biri məhz BANM kimi bir ali təhsil müəssisəsində oxumaq idi və buna nail oldum. Çünki BANM ölkənin ən yaxşı universitetlərindən biridir və burada aldığım keyfiyyətli təhsilin gələcək karyerama böyük təsiri olacağını bilirdim. BANM-ın Kimya mühəndisliyi ixtisasına qəbul olunmaq üçün yüksək bal toplamağı hədəfləyirdim. Bu sahəyə olan marağım və hədəfim mənə doğru yolda daha çox motivasiya verdi və nəticədə məqsədimə çatdım.

- Təhsilini davam etdirməyi düşünürsənmi?

- Bəli, magistratura və daha sonra doktorantura səviyyəsində təhsilimə davam etməyi düşünürəm. Eyni zamanda, beynəlxalq təcrübə qazanmaq məqsədilə xaricdə təhsil almaq da planlarımın arasındadır.

- Gələcəklə bağlı daha hansı planların və hədəflərin var?

- Məqsədim gələcəkdə SOCAR və ya digər beynəlxalq enerji şirkətlərində mühəndis kimi çalışmaqdır. Eyni zamanda, yeni texnologiyalar və enerji sahəsində tədqiqatlar aparmaq da məqsədlərim arasındadır.

- İnkişafın və bu uğurun üçün ən çox kimə borclusan?

- İnkişafım və əldə etdiyim uğurlar üçün ən çox valideynlərimə və müəllimlərimə borcluyam. Valideynlərim mənə hər zaman dəstək veriblər, mənə güvənərək irəliləməyimə yardımçı olublar. Həmçinin müəllimlərim mənə yalnız akademik biliklər verməklə kifayətlənməyib, həm də həyatımın müxtəlif sahələrində düzgün istiqamətləndiriblər. Onların yönləndirmələri, verdikləri motivasiya və yol göstərmələri mənim uğurlu bir gələcək qurmağımda böyük rol oynayıb.

- Dərslərdən kənar hansı sahələrə maraq göstərirsən?

- Dərslərdən kənar vaxtlarımda elmi araşdırmalarla məşğul oluram. Xüsusilə kimya mühəndisliyi ilə bağlı yeni ideyalar tapmağa, mövcud problemlərə innovativ həll yolları axtarmağa marağım var. Bəzən özüm üçün kiçik təcrübələr planlayıram və fərqli yanaşmaları öyrənməyə çalışıram. Eyni zamanda, texnologiya və startap dünyasını da izləyirəm, çünki elmi biliklə tətbiq arasında körpü qurmaq mənə həqiqətən maraqlıdır. Həmçinin könüllü fəaliyyətlərdə iştirak edərək sosial bacarıqlarımı da inkişaf etdirməyə çalışıram.

- BANM-da yüksək səviyyədə ali təhsil üçün yaradılan müasir imkanları necə dəyərləndirirsiniz?

- BANM tələbələr üçün müasir laboratoriyalar, beynəlxalq proqramlara çıxış imkanı və yüksək ixtisaslı müəllim heyəti ilə seçilir. Bu da bizi həm nəzəri, həm də təcrübi cəhətdən güclü mütəxəssis kimi yetişdirir.

- Gənclik bu gün daha çox nəyə maraq göstərir?

- Bu gün gənclər arasında ən çox maraq göstərilən sahələr innovasiya, texnologiya və startaplaradır. Gənclər yeni ideyalar və layihələr üzərində işləyərək, gələcəyin iş dünyasında daha aktiv rol oynamağa can atırlar. Eyni zamanda, xaricdə təhsil və beynəlxalq təcrübə də gənclərin diqqətini çəkən əsas məsələlərdəndir. Şəxsi inkişaf və özünü təkmilləşdirmə sahələri də son illərdə çox önəmli olub. Gənclər daha çox öz bacarıqlarını artırmaq, yeni biliklər əldə etmək və dünya səviyyəli imkanlardan faydalanmaq istəyirlər.

– Tələbələr arasında könüllülük və sosial fəaliyyətə maraq hansı səviyyədədir?

- BANM-da tələbələr sosial fəaliyyətlərə fəal şəkildə qatılırlar. Könüllü təşkilatlarda iştirak edən tələbələrin sayı artmaqdadır. Bu da cəmiyyətə faydalı olmaqla yanaşı, şəxsi inkişaf üçün də böyük əhəmiyyət daşıyır. Bundan əlavə, COP29 və Formula1 kimi böyük tədbirlərdə yüzlərlə BANM tələbəsi iştirak edib. Bu cür beynəlxalq tədbirlərdə yer almaq, tələbələrə yalnız akademik biliklərindən deyil, həm də təşkilati bacarıqlarından istifadə etmək və müxtəlif sahələrdə təcrübə qazanmaq imkanı verir.

- İmtahanlara hazırlaşarkən Bakı Ali Neft Məktəbi, neft sənayemiz haqqında məlumatınız var idimi?

- Bəli, araşdırmalar aparmışdım və BANM-ın ölkədə ən qabaqcıl texniki ali məktəblərdən biri olduğunu bilirdim. Xüsusilə Kimya mühəndisliyi ixtisasına olan marağım məni bu sahənin nə qədər geniş olduğunu və BANM-ın bu peşəni öyrənmək üçün ideal bir universitet olduğunu anlamağıma səbəb oldu. Bu səbəbdən də seçimimdə heç bir tərəddüd etmədim.

- BANM-ı digər universitetlərdən fərqləndirən əsas amillər hansılardır?

- BANM-ı digər universitetlərdən fərqləndirən əsas amillərdən biri beynəlxalq səviyyəli təhsil və ingilis dilli proqramlardır. Eyni zamanda, BANM tələbələrinə real istehsalat təcrübəsi qazandıran imkanlar təqdim edir və SOCAR ilə sıx əməkdaşlıq bu məktəbin praktiki tərəfini daha da gücləndirir. Yüksək səviyyəli müəllim heyəti və elmi araşdırmalar aparmaq üçün yaradılan şərait də BANM-ı fərqləndirən digər mühüm amillərdəndir. Universitetdə innovasiya sahəsində fəaliyyət göstərən startapların yaradılması və hackathonların keçirilməsi də tələbələrə praktiki bacarıqlarını inkişaf etdirmək və öz ideyalarını reallaşdırmaq üçün mükəmməl imkanlar yaradır.

- Niyə neftçi olmaq istədin?

- Neft sənayesi dinamik, perspektivli və çoxşaxəli bir sahədir. Azərbaycan neft ölkəsi olduğuna görə bu sahə həm ölkəmizin iqtisadiyyatında, həm də beynəlxalq arenada çox mühüm rol oynayır. Mən də bu sahədə çalışıb, ölkəmin enerji sektorunun inkişafına və dünya səviyyəsində tanınmasına töhfə vermək istəyirəm. Neft sənayesi, eyni zamanda, innovasiyalar və texnoloji inkişaflar tələb edən bir sahədir və bu sahədə fəaliyyət göstərmək həm çətin, həm də maraqlıdır. Bu səbəbdən həm ölkəmizə, həm də qlobal enerji bazarına töhfə vermək arzusu məni bu sahəni seçməyə yönləndirdi.

- Sənin fikrincə, yaxşı neftçi olmaq üçün əsas nə lazımdır?

- Mənim fikrimcə yaxşı neftçi olmaq üçün bir neçə əsas amil önəmlidir. Əvvəlcə bu sahəyə qarşı dərin maraq və həvəs olmalıdır. Texniki biliklər və mühəndislik sahəsində sağlam əsaslar qurmaq vacibdir, amma yalnız nəzəri biliklər kifayət etmir. Eyni zamanda, praktiki bacarıqlar və real iş şəraitində təcrübə də çox əhəmiyyətlidir. Yaxşı bir neftçi olmaq üçün daim öz üzərində işləmək, yeni texnologiyalarla tanış olmaq və dəyişən sənaye tələblərinə uyğunlaşmaq lazımdır. Həmçinin komandada işləmək, liderlik bacarıqlarına sahib olmaq və yaxşı kommunikasiya qurmaq da çox vacibdir.

- Bu sahəyə maraq göstərən abituriyentlərə nə kimi tövsiyələr verərdin?

- Çox oxusunlar, sahə haqqında araşdırsınlar və məqsədlərinə uyğun çalışsınlar. Əgər həqiqətən maraqları varsa, bu sahədə uğur qazanacaqlar.

- SOCAR-ın tələbələr üçün yaratdığı imkanlarda, həyata keçirdiyi müxtəlif proqramlarda iştirak etmisənmi?

- SOCAR-ın təşkil etdiyi müxtəlif təlim və seminarlarına qatılmışam. Bu imkanlar mənə həm bilik, həm də əlaqələr qazanmaqda kömək edib. SOCAR-ın təşkil etdiyi digər təlimlər və proqramlar da mənim üçün çox faydalıdır və gələcəkdə bu cür imkanlardan daha çox yararlanmağı düşünürəm. Bundan əlavə, ötən yay SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda təcrübədə olmuşam. Bu təcrübə mənə real iş mühiti ilə yaxından tanış olmaq və neft prosesi ilə əlaqədar praktiki biliklər əldə etmək imkanı verdi. Zavodda işləyən mühəndislərlə əlaqə quraraq, onların işin əsas prinsiplərini necə tətbiq etdiklərini öyrəndim. Bu təcrübə mənə nəzəri bilikləri təcrübə ilə birləşdirməyə və sənayedəki real iş şəraitində öz bacarıqlarımı sınamağa imkan yaratdı. Bu təcrübə, eyni zamanda, mənə sənayedə tətbiq olunan prosesləri daha yaxından öyrənmək və nəzəri biliklərimi təcrübədə tətbiq etmək imkanı verdi. Düşünürəm ki, bu cür təcrübələr mənim inkişafım üçün çox vacibdir və gələcəkdə də belə imkanlardan yararlanmaq istəyirəm. Hazırda “CLIMASEL” layihəsi üzərində çalışırıq və bir çox uğurlara imza atmışıq.

- Layihə barədə məlumat verərdin.

- Bu layihə ilə binalarda soyutma proseslərini daha səmərəli və ekoloji cəhətdən dayanıqlı etmək məqsədini daşıyırıq. Təbii soyutma texnologiyalarından istifadə edərək enerji sərfiyyatını və karbon emissiyalarını azaltmaq, ətraf mühitə olan mənfi təsiri minimuma endirmək üçün innovativ bioəsaslı panellər istehsal edirik. Bu sahədə əldə etdiyimiz uğurlar həm ölkəmizdə, həm də beynəlxalq arenada geniş tanınır. Bu uğurlar nəticəsində layihəmiz ümumilikdə 68,000 manat dəyərində investisiya qazanıb. Layihənin təqdimatını mən – Fatimə Nəsirova və həmkarım Xəyalə Miriyeva BANM-in Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri olaraq həyata keçirmişik. “CLIMASEL”

layihəsinin inkişafında bir sıra peşəkar mütəxəssislərin dəstəyi də əhəmiyyətli rol oynayıb. Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, Kimya kafedrasının müəllimi Aysel Məmmədova və “SOCAR Türkiyə”nin Strateji planlaşdırma və korporativ performans üzrə mütəxəssisi, eyni zamanda, BANM məzunu olan Güllü Hüseynli layihənin texniki və elmi əsaslarının formalaşmasında yaxından iştirak ediblər. “CLIMASEL” komandası olaraq biz davamlı inkişaf, innovasiya və ətraf mühitin qorunması istiqamətində fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Məqsədimiz yalnız texnoloji yeniliklər yaratmaq deyil, eyni zamanda cəmiyyətə və dünyamıza dəyər qatmaqdır.

- Həm neftçi, həm də SOCAR ailəsinin üzvü olmaq necə bir hissdir?

- Həm neftçi, həm də SOCAR ailəsinin üzvü olmaq böyük şərəfdir, amma eyni zamanda, böyük məsuliyyətdir. SOCAR dərin ənənələrə sahib bir şirkətdir və bu ailənin bir parçası olmaq, dünya səviyyəsində mühüm layihələrdə iştirak etmək mənim üçün həm böyük bir imtiyaz, həm də ağır bir məsuliyyətdir. Bu məsuliyyət insanı daim öz üzərində işləməyə, yeniliklərə açıq olmağa və peşəkar olaraq inkişaf etməyə sövq edir. SOCAR-ın bir hissəsi olmaq mənə həm ölkəmizin enerji sahəsindəki inkişafına, həm də beynəlxalq arenada daha böyük uğurlar əldə etməyə töhfə vermək imkanı yaradır.

Orxan Vahidoğlu, “İki sahil”