Milli Məclisin deputatı Anar Məmmədov şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, millət vəkili bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Şəhidin ailə üzvləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Onu qeyd edək ki, Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.