May 2-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən “Vaqif küçəsi 70” ünvanı üzrə ərazi partiya təşkilatında su təsərrüfatı işçiləri ilə dəyirmi masa təşkil olunub.
“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov məruzə edərək bildirdi ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmaqla, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı il fevralın 6-da noyabrın 12-i Konstitusiya Günü elan edildi və hər il bu tarixi gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət dövlət-xalq və hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə nail olunmasını qazandırdı. Artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Daha sonra çıxış edənlərdən “Vaqif küçəsi 70” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Arzu Şahbazov, ərazi partiya təşkilatının üzvləri – Eldar Şükürov, Valeh Məmmədəliyev bilriblər ki, Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlər hər birimizə məlumdur. Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Natiqlər Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulayıblar.