İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə “Startup School 3” layihəsinin növbəti təqdimat sessiyası Azərbaycan Tibb Universitetində keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə universitetin tələbələri, professor-müəllim heyəti və tibb sahəsində innovativ yanaşmalara maraq göstərən gənc tədqiqatçılar fəal iştirak ediblər. Sessiyada layihənin əsas istiqamətləri, iştirak şərtləri və ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, bu proqram yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində çalışan startapların inkişafına təkan vermək, tibb və digər sahələrdə yeni ideyaların reallaşdırılmasına dəstək göstərmək və gəncləri qlobal innovasiya mühitinə cəlb etmək məqsədi daşıyır.
İnteraktiv keçən sessiyada iştirakçılara layihənin mərhələləri, seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlarla mümkün əməkdaşlıq istiqamətləri təqdim olunub. İştirakçıların sualları cavablandırılıb, onlara real təcrübələr əsasında tövsiyələr verilib.
Qeyd edək ki, “Startup School 3” layihəsi Azərbaycanın innovasiya mühitini gücləndirmək, gənclərin təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirmək və onları beynəlxalq bazara çıxış üçün hazırlamaq məqsədilə həyata keçirilir. Layihə həm yerli, həm də beynəlxalq innovasiya təşəbbüsləri ilə əməkdaşlıq əsasında icra olunur.