Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası, YAP Qaradağ rayon təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Qaradağ rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Heydər Əliyev ideyaları əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırıb: “Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpasıdır”.
Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqədardır. O deyib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. S.Mikayılovun sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələlər dövlətçiliyimizin və xalqımızın intibahında tarixi əhəmiyyət daşıyıb: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə dövrü oldu. 1993-cü ildə isə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu Azərbaycanı daim qorumalıyıq”.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Heydər Əliyev yolunun alternativi yoxdur: “Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın banisidir. Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir. O, xalqımıza tarixi Zəfər bəxş etmiş Müzəffər Liderdir”.
Çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir. Ümummilli Liderimiz müstəqil dövlətimizin sarsılmaz təməllərini atıb və bu təməllər üzərində daim inkişaf edirik: “Biz Azərbaycan vətəndaşları olaraq daim Heydər Əliyev siyasətinə sadiq olmalı, Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşməliyik”.
YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva isə çıxışında söyləyib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın müasir dövlətçilik tarixinin parlaq simasıdır. Xalqımızın yaddaşında silinməz izlər buraxan Ümummilli Lider Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusudur. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dönəmlərdə bütün sahələr inkişaf edib.
“Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev qalib dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır”, - deyə Z.Quliyeva vurğulayıb.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov da çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən M.Mərdanov vurğulayıb ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.