“Barselona”nın paltardəyişmə otağında 17 yaşlı cinah oyunçusu Lamin Yamal ilə bağlı həssas bir vəziyyət yaranıb.
“İki sahil” xəbər verir ki, bu haqda İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.
Bu ilin yayında Yamalın 18 yaşı tamam olacaq. Bundan sonra onun klubla razılaşdırılmış və notarial qaydada təsdiqlənmiş peşəkar müqaviləsi qüvvəyə minəcək. Hazırda Yamal ilkin yeniyetmə əmək müqaviləsi əsasında oynayır və illik maaşı 3 milyon avrodur. O, tam yetkinliyə çatdıqdan sonra isə nəticələrinə uyğun olaraq yeni maaş alacaq.
Gözlənilir ki, bu, Yamalı “Barselona”nın ən yüksək maaş alan futbolçusuna çevirəcək. Onun məvacibinin illik təxminən 35-40 milyon avro civarında olacağı bildirilir. Bu isə klubun hazırkı ən çox maaş alan futbolçusu olan polşalı Robert Levandovskinin gəlirindən də çoxdur.
Bu amil artıq “Barselona”nın bəzi futbolçularında, xüsusilə də komandanın veteranlarında narahatlıq doğurmağa başlayıb. Onlar hesab edirlər ki, bu, həm iyerarxik, həm də maaş balansını poza bilər. Odur ki, komanda daxilində gənc bir oyunçunun bu qədər imtiyazlı münasibətə layiq olub-olmadığı sualı ortaya çıxıb.
Digər tərəfdən, mənbənin məlumatına görə, “Barselona”da Laminin böyük istedadını qəbul edən və onu Kataloniya klubunun gələcək layihəsində əsas fiqur kimi görən başqa futbolçular da var.