04 may 2025 20:13
143

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” keçirilib

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” keçirilib.

“İki sahil” xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

Artıq 8-ci dəfədir keçirilən Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər də qatılıblar, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.

Startdan öncə marafon iştirakçıları öz təəssüratlarını bölüşüblər.

Ağırlıqqaldırma üzrə Avropa çempionu, dünya ikincisi və üçüncüsü, idman səfiri Dadaş Dadaşbəyli marafonlarda peşəkar idmançı kimi tez-tez iştirak etdiyini, lakin bu gün ilk dəfə idman səfiri kimi "Bakı Marafonu-2025"ə qatıldığını bildirib: “Hər iki halda burada olmaq çox xoşdur. Ümid edirəm ki, gələcək illərdə də marafonlarımızda sağlam yürüşlərimiz çox olar. Bu il iştirakçı sayının yüksək olması onu deməyə əsas verir ki, sağlam həyatı sevən nə qədər insan var. Bu marafon sağlam həyata çağırışdır. İnanıram ki, növbəti il iştirakçı sayı bundan da artıq olacaq”.

Olimpiya Oyunlarının sərbəst güləş üzrə ikiqat mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev isə marafonla bağlı bunları deyib: "Sevindiricidir ki, xalqımızın ən məşhur simaları bu gün buradadırlar. Belə tədbirlərdə həmişə birlik nümayiş etdirməliyik. Bildiyimiz kimi, idman sağlamlığın açarıdır. Hər kəsə sağlam həyat arzulayıram. Bu gün küləyə qalib gəlmək çətin olacaq. Mən hər kəsi idmanla məşğul olmağa səsləmək istəyirəm. Gənclərimiz pis vərdişlərdən uzaq olsunlar, məşq etsinlər. Sağlamlıq olmayandan sonra heç bir şeyin mənası qalmır".

Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak ediblər.

Demək olar hər il marafona qatıldığını qeyd edən Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və paravelosiped üzrə baş məşqçi Amid Həsənquliyev bildirib: "Bu dəfə ötənilkindən fərqli olaraq 7-8 paravelosipedçi ilə marafona qoşulduq. Digər marafonçuların ayaqları ilə qət etdiyi yolu biz əllərimizlə qət edirik. Heydər Əliyev Fonduna bu möhtəşəm təşəbbüsə görə təşəkkür edirəm. Çox sağ olsunlar ki, fiziki imkanları məhdud şəxslərin özlərini göstərmələri üçün fürsət yaratdılar. Ümid edirəm ki, belə yarışların təşkili davamlı olar. İnsanlara demək istəyirəm ki, belə marafonlarda öz güclərini sınasınlar. İdmana çox vaxt ayırsınlar və sağlam həyatı seçsinlər. 2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır”.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada yaradılan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər öz bacarıqlarını göstərib, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib.

Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.

Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.

Qadınların mübarizəsində ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qələbə təəssüratlarını bölüşən mükafatçılar marafonun yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Kişilər arasında qızıl medalın sahibi Atac Sezgin marafondan öncə də özündən uğurlu nəticə gözlədiyini vurğulayıb. O, illərdir marafonlarda iştirak etdiyi üçün uzun məsafələrə öyrəşdiyini deyib: "Ona görə də çox çətinlik çəkmədim. Külək qaçmağımıza bir qədər mane oldu, ancaq ciddi problem yaratmadı. Yarışın yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd etmək istərdim. Bu, Bakıya ilk gəlişimdir. Qələbə qazanacağımı bilirdim. Bundan öncə dəfələrlə müxtəlif yarışlarda qalib olmuşam. Bakı haqqında maraqlı fikirlər eşitmişdim və buraya gəlməyi çox istəyirdim. Burada çox möhtəşəm atmosfer var. Məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm".

Qadınlar arasında “Bakı Marafonu 2025”də ikinci yerin sahibi olan Anna Yusupova budəfəki yarışın digərlərindən çox fərqləndiyini bildirərək əlavə edib: "Açığı, ötən illərdə belə külək olmamışdı. Bu, indiyədək ən güclü külək idi. Hava şəraiti səbəbindən bir qədər çətinlik çəkdik. Amma ümumilikdə yarış çox mükəmməl keçdi. Bu qədər insanın həmrəy olması və birlikdə yürüş etməsi gözəl haldır. İnanırıq ki, marafonçularımızın sayı ildən-ilə daha da artacaq".

Tələbələr arasında finişə hamıdan tez Azərbaycan İdman Akademiyasında təhsil alan Miyanə Xəlilova və Nihad Cabbarlı çatıblar.

Paravelosipedçilərin mübarizəsində Tofiq Babayev 1-ci, Orxan Nəbiyev 2-ci, Bəhlul Əliyev 3-cü yeri tutub.

Finiş xəttinə ilk çatan korporativ iştirakçı Teymur Fərəcov olub.

Qaliblərə mükafat və medallar təqdim edilib.

“Bakı Marafonu 2025”in mükafatlandırması iki kateqoriyada olub. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”in medalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib. Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi) könüllüsü isə iştirakçı kimi marafona qatılıb.

Finişə çatanlar arasında gənclər və idman naziri Fərid Qayıbov da olub. Nazir marafona marağın ildən-ilə daha da artdığını vurğulayaraq deyib: "Təəssüf ki, şəxsi rekordumu qıra bilmədim. Deməli, daha çox məşq etməliyik. İldən-ilə iştirakçıların və finişə çatanların sayı artır. Bu, çox gözəl haldır. Eyni zamanda, Bakıya xarici ölkələrdən qonaq qismində gələnlərin sayı çoxalıb. Bu, o deməkdir ki, ənənəvi marafon hər il yüksək səviyyədə təşkil olunur".

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.