05 may 2025 01:10
109

AİB Cənubi Qafqaz və Mərkəzi Asiyada daha çox layihə həyata keçirməyə hazırdır

Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz və Mərkəzi Asiyada əlaqələrin inkişafına yönəlmiş mümkün qədər çox layihə həyata keçirməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu AİB-in prezidenti Masato Kanda bankın Milanda keçirilən İllik Toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Regional əməkdaşlıq və inteqrasiya bizim əsas prioritetlərimizdən biridir. Bu, təkcə iqtisadiyyat üçün deyil, həm də regionda sabitlik üçün vacibdir. Bu, təkcə subregiona deyil, həm də qlobal ticarətə təsir göstərir. Qlobal iqtisadiyyat üçün, xüsusən də nəqliyyat, enerji və məhsuldarlıq sahələrində bunlar cəmiyyəti və bütövlükdə bəşəriyyəti daha yaxşı edə biləcək həqiqətən transformativ dəyişikliklərdir", - o deyib.

ASEAN ölkələrində enerji inteqrasiyasının dəstəklənməsindən danışan Kanda AİB-in belə təşəbbüslərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

"Bir çox marşrutlar var, o cümlədən, əlbəttə ki, Orta Asiya və Cənubi Qafqaz. Biz indi regional əməkdaşlıq və inteqrasiya yanaşmalarını həyata keçirmək və real layihələr tapmaq üçün ciddi səylər göstəririk. Və biz yerli tərəfdaşlarla birlikdə bu layihələrdən mümkün qədər çoxunu həyata keçirmək istəyirik", - o əlavə edib.