05 may 2025 13:25
112

Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri açıqlanıb

Cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

“İki sahil” xəbər verir ki,  Maliyyə Nazirliyindən bildirilib ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 064,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 milyard 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

Bu ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub.