06 may 2025 21:39
260

Hər qəza, bir hekayə: PROBLEM NƏDƏN BAŞLAYIR?

Deməli, maraqlı bir hekayət eşitmişdim. Hekayəni sizinlə də paylaşmaq istədim. Bu hadisənin əslində müəyyən qədər reallığa yaxın olan bir versiyası var. İlk avtomobillərdən ikisi fərqli yerdə icad edilir və təsadüfən sınaq zamanı bir-birilə toqquşur. Əlbəttə, bu hadisənin nə dərəcədə doğru və ya mif olduğunu dəqiq söyləmək çətindir,amma bunun simvolik mənası da maraqlıdır: texnologiyanın inkişafında bəzən gözlənilməz təsadüflər ola bilər. Bəlkə də bu toqquşma gələcəkdə baş verəcək hadisələrə bir işarə imiş...

Maşınların icad olunması həyatımızın bir qismini rahatlaşdırsa da,müəyyən problemlərə də yol açdı. Belə ki, tıxacların yaranması, ekosistemin çirklənməsi, yol qəzaları və digər fəsadlara səbəb olur. Bu gün müzakirə edəcəyim mövzu yol qəzaları haqqında olacaq.

Avtomobil qəzaları paytaxt və rayon qəsəbələrində aktual olan,ancaq ciddi şəkildə diqqətə alınmayan bir məsələdir. Demək olar ki,hər gün xəbərlərdə qarşılaşdığımız bu faciələr,insan həyatını itirməklə yanaşı,təkcə fiziki deyil,mənəvi və iqtisadi zərərlər də doğurur. Niyə bəs yol qəzaları tez-tez baş verir?

Yol qəzalarının baş verməsinin əsas səbəbi budur: sürücülərin tələskənliyi, qaydaları gözardı etməsi, məsuliyyətsiz yanaşma və “mənim maşınım,mənim hökmranlığım” düşüncəsi nəticələrini bilmədikləri vəziyyətlə onları üz-üzə qoyur. Özlərini “Formula1 yarışçısı kimi” hiss edən bəzi sürücülər nəinki öz həyatlarını,hətta piyadaların həyatını da riskə atır. Nəticə etibarı ilə bu “yüksək sürət” bir gün əvəzini “ölüm” və ya “xəstəxana yatağında” ödəməyə gətirib çıxarır.

Bəzi hallarda isə, qəza baş verdikdən sonra bizə təqdim edilən "xəbərlər", sürücünün "gənc və təcrübəsiz olduğu", ya da "səhvən" hərəkət etdiyi kimi ifadələrlə dolu olur. Bəs, bu "səhvlər" hər gün yüzlərlə insanın həyatına necə təsir edir? İstəyirik ki, nəyə görə bu "səhvlər"dən sonra heç kim məsuliyyət daşımır? Çünki bir çox halda, maşınların üstünə yazılan qaydalar sadəcə, kağız üzərində qalır. Qəzaların qarşısını almaq üçün "təhlükəsizlik kəməri taxmaq" və "sürət həddinə riayət etmək" kimi sadə tədbirlər var, amma bu məsələlər, maşın alışı qədər ciddiyə alınmır. Bəli, yol hərəkət qaydalarına riayət etməmək sürücülərin problemidir, amma təəssüf ki, bu "problemli" yanaşma, təkcə şəxsi həyatımıza deyil, cəmiyyətin bütöv sağlamlığına da zərər verir. Yeri gəlmişkən, Azərbaycanda yol qəzaları ilə bağlı statistikaya nəzər yetirdim. Gördüyüm nəticə ciddən narahatlıq doğurur. Bu ilin ilk 10 ayında yol qəzalarında 520-dən çox insan həyatını itirib. Qəzaların 40.1%-i nəqliyyat vasitələri ilə piyadalar arasında, 38.2%-i bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə baş verib. Uzunmüddətli perspektivdə, Azərbaycanın yol təhlükəsizliyi göstəriciləri digər Avropa ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Məsələn, Estoniyada illik yol qəzası nəticəsində ölənlərin sayı 50-dən, Sloveniyada isə 100-dən çox deyil. Bu, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsinə olan ehtiyacı göstərir. Bəs yol qəzalarının qarşısını almaq üçün necə tədbirlər görülməlidir?

Əslində həll yolları haqqında düşündükdə belə bir nəticəyə gəlmək olur ki, həm hüquqi,həm texnoloji, həm də sosial səviyyədə tədbirlər görülməlidir. Misal olaraq, mütəmadi yoxlanış aparılması, sürücülük vəsiqəsi üçün ciddi tələblər, avtomatik radar sistemlərinin daha geniş əraziyə quraşdırılması,məktəb və ya universitetlərdə yol hərəkət qaydaları ilə bağlı dərslərin keçirilməsi, ictimai nəqliyyatın inkişafı və.s sadalaya bilərik.

Yol qəzaları, yalnız qaydalara riayət etməklə həll olunan bir məsələ deyil, bu, bir cəmiyyətin vicdanına da bağlıdır. Hər bir qəza baş verdikdə, sadəcə, sürücü deyil, həm də bizlər - yolun hər iki tərəfini izləyənlər məsuliyyət daşıyırıq və bu məsuliyyət sadəcə "yol təhlükəsizliyi" ilə bitmir, həm də insan həyatının qiymətini bilmək və qorumaqla başlayır.

Fatimə Quliyeva,
Bakı Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin tələbəsi