06 may 2025 17:12
96

Azərbaycanla Özbəkistanın media nümayəndələri arasında müzakirələr aparılıb

Mayın 6-da Medianın İnkişafı Agentliyində (MEDİA) “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüşlər keçirilib.

Bu barədə "İki sahil"ə MEDİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.

Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.