12 may 2025 11:44
114

“Sağlamlığa Doğru Qaç!” layihəsi Qusarda baş tutub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA), Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Qusar rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı layihənin növbəti mərhələ yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması və onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

17 iyun – Tibb işçilərinin Peşə bayramına həsr olunmuş layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəylik və dostluqların möhkəmləndirilməsi olub.

Yarışda Qusar, Siyəzən, Xızı, Şabran, Xaçmaz və Quba rayonlarının SİHİ şura üzvləri, eləcə də Quba Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 150 nəfər iştirak edib.

Qadın və kişi kateqoriyaları üzrə ilk üçlükdə yer alan iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub. Qaliblər 8 iyun tarixində Xankəndi şəhərində keçiriləcək Final yarışına vəsiqə qazanıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda çıxışlar, həmçinin uşaq rəqs qruplarının maraqlı təqdimatları yer alıb.

Sonda isə iştirakçılara və qonaqlara çay süfrəsi təqdim olunub.

“Sağlamlığa Doğru Qaç!” layihəsi iştirakçılar arasında yüksək əhval-ruhiyyə və bayram ovqatı yaradaraq uğurla yekunlaşıb.