KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti “Caspian Agro” və “InterFood Azerbaijan” kimi ixtisaslaşmış sərgilərdə ilk dəfə iştirak edirlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.
Onun sözlərinə görə, sərgilərdə iştirak KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə, müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir.
“Əvvəlki illərdə olduğu kimi, bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. Stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçirilməsi məqsədilə imkan yaradılıb”, - deyə Orxan Məmmədov qeyd edib.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri mayın 16-dək davam edəcək. Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim edilir.