14 may 2025 11:22
94

Stef Qoris: Orta Dəhliz ənənəvi ticarət marşrutlarının əsas alternativinə çevrilir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) ənənəvi çatdırılma yollarına davamlı alternativ kimi kritik əhəmiyyət əldə edir.

“İki sahil” xəbər verir ki, bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının (“Belgazercom”) təsisçisi və sədri Stef Qoris palatanın Brüsseldə keçirilən biznes tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avropanı Mərkəzi Asiya, Çin və Uzaq Şərqlə birləşdirən yeganə həyat qabiliyyətli quru dəhlizidir: "Geosiyasi qeyri-sabitlik, dəniz daşımalarında yaranan çətinliklər və marşrutların şaxələndirilməsinə artan ehtiyac fonunda bu dəhliz sabitlik, təhlükəsizlik və strateji üstünlük təklif edir. Bu dəhlizin mərkəzində isə Azərbaycan dayanır. Avropa, xüsusilə də Belçika biznesi üçün bu, sadəcə yeni imkan deyil, həm də formalaşmaqda olan logistika və sənaye oxunun - Antverpendən Almatıya, Lyej şəhərindən Lianyungang limanına qədər - bir hissəsi olmaq dəvətidir".

S.Qoris vurğulayıb ki, Azərbaycan öz strateji istiqamətini aydın başa düşür: “Ölkə logistika, enerji keçidi, yüksək texnologiyalı istehsal və beynəlxalq investisiyalar sahəsində regional mərkəzə çevrilmək niyyətindədir. Bunun üçün bütün coğrafi əsaslara malikdir".

TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.

Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.