Bu gün Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.
“İki sahil” xəbər verir ki, ölkə parlamentinin yaydığı məlumata görə, parlamentin sədri Şalva Papuaşvili qanunverici orqanda illik hesabatla çıxış edəcək, bununla əlaqədar parlament binasında təhlükəsizliyin “sarı” səviyyəsi tətbiq olunub.
Məlumatda bildirilir ki, mayın 14-də keçirilən plenar iclasda parlamentin 2024-cü il üzrə fəaliyyəti və 2025-ci il üçün planlar təqdim ediləcək. Bu məqsədlə Gürcüstan Parlamentinin sədri tərəfindən 2023-cü ilin sentyabrında imzalanmış müvafiq qərara əsasən, təhlükəsizlik rejimi sərtləşdirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bu gün parlament binasına ziyarətçilərin girişi məhdudlaşdırılıb. Parlament tədbirlərində yalnız müvafiq struktur bölmələrin əvvəlcədən dəvət etdiyi şəxslərin iştirakı nəzərdə tutulur.
Media üçün də xüsusi qaydalar müəyyən edilib. Parlament binasına yalnız hər televiziya kanalından iki nəfərdən ibarət akkreditə olunmuş çəkiliş qrupu buraxılacaq və bu qayda tədbirlər başa çatanadək qüvvədə olacaq.
Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin məqsədi parlamentdə işin fasiləsiz və təhlükəsiz şəkildə təşkilini təmin etməkdir.