Biz jurnalistlərin əsl silahı qələmimizdir. Bəzən dilimizə gətirib deyə bilmədiyimiz sözləri, tənqidləri qarşımızda olan vərəqə tökürük. Duyğularımızı, qəlbimizin dərinliyində olan fikirləri əlimizdəki qələmə etibar edirik. Bəlkə də, “Ey qələm” ifadəsini səsləndirdikdə bu, bir çoxları üçün gülüş obyekti ola bilər. Amma o bizlər üçün etibarlı yol yoldaşı, sirdaşdır. Adicə keçmişdən bu günədək ziyalılarımız, şairlərimiz hər hansı bir hadisədən ilhamlanıb, cuşa gəldikdə həmin dəyərli fikirləri misralara, bəndlərə tökürdülər. Azərbaycan tarixində görkəmli yeri olan H.Zərdabi deyirdi:
“Dedim eşitmədilər, səslədim hay vermədilər, mən də sonunda yazmaq qərarına gəldim.” Yəni buradan belə aydın olur ki, yazı insanları qaranlıqdan, zülmətdən işığa doğru aparan yoldur. Bizlər də çalışmalıyıq ki, yazdığımız yazılarla ətrafımızdakı zülməti yetərincə aydınladaq.
Ey qələm- sən gələcək nəsillərə miras qoyan bir xəzinəsən. Sən olmadan düşüncələr itir, hisslər solğunlaşır.
Mənim fikrimcə, qələm ən əsası da haqqın, ədalətin, Zəfərin səsidir. Ey qələm, sən 44 Gün boyunca səngərlərdə, cəbhədə, məktublarda, xəbərlərdə- hər yerdə idin. Sən yazdın, həm dərdi, həm ümidləri, həm də Zəfəri. Sən şanlı Zəfərin şahidi oldun. 30 il həsrətlə baxdığımız torpaqların azad edilməsini xalqa çatdıran da sən oldun. Yazdığın “Qarabağ Azərbaycandır” kəlməsi bir tarixə çevrildi. Sən yaz ki, unutmayaq. Sən yaz ki, bu zəfərin nə qədər çətinliklə qazanıldığını hər kəs bilsin.
Ey qələm, sənin ucunda gizlənən hər söz bir könülün hayqırtısıdır. Sən bəzən bir sevginin tərifi, bəzən bir kədərin qaranlığısan. Bir uşaq səni yazmağı öyrənmək üçün əlinə alar və səninlə gələcək qurular. İçində nə qədər möcüzə daşıyırsan, xəbərin varmı?
Səni tutan əllər tez-tez dəyişir, amma sən öz mahiyyətini qoruyursan. Sənin yazdığın həqiqət bəzən bir imperiyanı yıxar və ya tam əksinə bəzən bir xalqı ayağa qaldırar. Bəli, həqiqəti deyirsən, bu, acı da olsa, bir gerçəkdir. Ey qələm, sən gənc qızların paramparça olmuş xəyallarını, yarımçıq qalan ümidlərini yazıb, cəmiyyətə çatdırırsan. Zaman-zaman olur ki, bu hadisələr qarşısında çarəsiz qalıb, sadəcə susursan.
Sonda onu qeyd etmək istərdim ki, qələmimiz hansı mövzuya yönəlir yönəlsin- istər təbiətdən, istər Vətəndən, istərsə də məhəbbətdən yazanda o mövzunu iliklərimizə qədər hiss etməyimizdir. Ey qələm, sən heç vaxt əllərdən düşmə! Yaz ki, tarix diri qalsın. Yaz ki, o qırılmış xəyalların yerində gələcək qurulsun. Amma əsla, susma! Çünki sən sussan, dünya o andaca zülmətə qərq olar.
Nuray Məmmədrzayeva,
Bakı Slavyan Universiteti, Sosial Elmlər Fakültəsinin Jurnalistika ixtisası üzrə ikinci kurs tələbəsi