14 may 2025 13:58
116

Qadın hüquqlarının Azərbaycanda tarixən tənzimlənməsi və rolu

Dövrümüzün böyük problemlərindən biri qadın hüquqlarının  Azərbaycanda və dünya miqyasında tənzimlənməsidir.Qədim tarixdən başlayaraq qadın hüquqlarının təmin edilməsi üçün bir çox maarifçilərimizin böyük səyləri özünü göstərmişdir. Məhəmməd Ağa Şahtaxtlı XX əsrin əvvəllərindən başlayaraq qadın azadlığı məsələlərindən bəhs edən bir çox məqalələr yazmışdır. Bu məqalələr də qadınların həyatını məhdudlaşdıran situasiyalara toxunmuş və məhdudlaşdırılmalara qarşı çıxmışdır.Görkəmli H.Z.Tağıyev də bu maarifçilərdən biridir. H.Z.Tağıyev Azərbaycan qadınlarına təhsil almaq hüququna qızlar məktəbinin əsasını qoyaraq nail olmuşdur.Azərbaycan mədəniyyətində qadınlar, ailənin üzvü kimi olduğu qədər, cəmiyyətin formalaşmasında da mühüm rol oynayır.

Azərbaycan qadınlarının hüquqları və cəmiyyətdəki rolu, həm tarixi, həm də müasir dövrümüzdə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır.Tarixə nəzər saldığımız zaman Azərbaycanın müasir dövlətçiliyi və hüquqi sistemi formalaşmağa başladığı dövrdən etibarən qadın hüquqlarının inkişafında mühüm mərhələlər baş vermişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilməsi qadınların cəmiyyətin bütün sahələrində iştirakına yol açan ilk addımlardan biri olmuşdur. Bu tarixi hadisə, ölkənin qadın hüquqlarına yanaşmasının  və inkişaf yönümlü olmasına gətirib çıxarmış, sonrakı dövrlərdə hüquqi tənzimlənmə üçün şərait yaratmışdır. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanov kimi bir çox şəxsiyyətlərin çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil edirdi.O dövrdə mətbuatda, qəzet və jurnallarda qadın azadlıqları barədə ideyalar da təbliğ olunurdu.  Müstəqillik illərindən başlayaraq Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi və təmin edilməsi istiqamətində bir çox qanun aktları qəbul edilmişdir. 1995-ci ildə Konstitusiyamızda qadınların kişilərlə bərabərhüquqlu olması nəzərdə tutulan qanun qüvvəyə minmişdir. Konstitusiyanın 25-ci maddəsində qeyd edilir ki,kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.İrqindən,dinindən,cinsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinin qorunması təmin edilməlidir. Qadınların idarəetmədə və biznesdə iştirakı son illərdə artmaqda davam edir.Müasir Azərbaycan Respublikasında qadın hüquqları sahəsində əldə olunmuş nailiyyətlər və inkişaf, ölkənin həm sosial, həm də iqtisadi-siyasi həyatının inkişafına mühüm töhfə verməkdə davam edir. Qadınların cəmiyyətin bütün sahələrində bərabər iştirakının təmin edilməsi ölkənin demokratik gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə, hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Çünki qadın hüquqlarının müdafiəsi bütövlükdə insan hüquqlarının qorunması mənasına gəlir.

Fatimə Eynullazadə,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi