14 may 2025 11:33
82

Azərbaycanla Vyetnamın iqtisadi əməkdaşlığında yeni mərhələ başlayıb

2025-ci ilin may ayının 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Prezident İlham Əliyev və To Lam arasında keçirilmiş görüşdən sonra mətbuata verilmiş bəyanat, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat, həmçinin Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki strateji baxışlarını və çoxtərəfli əməkdaşlıq kursunu bir daha aydın göstərir.

İki liderin rəsmi görüşlərində aparılan müzakirələr, imzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında davamlı, sistemli və çoxşaxəli əlaqələrin qurulmasına yönəlmiş ortaq iradənin nümayişi kimi tarixi əhəmiyyət daşıyır. İki ölkənin liderləri tərəfindən imzalanmış «Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat» dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir. Bu, qarşılıqlı fəaliyyətin siyasi-hüquqi bazasının möhkəmləndirilməsi baxımından önəmli addımdır.

 Məlumdur ki, XX əsrdə Vyetnam müstəmləkəçiliyə və imperializmə qarşı mübarizənin önündə idi.  Ölkəmiz isə əsrin sonunda öz suverenliyi və müstəqilliyi uğrunda bənzər mübarizələr yaşadı. Bu iki xalqın yaddaşında torpaq sevgisi, əyilməzlik və azadlıq iradəsi dərin köklərə malikdir. Bu yaxınlıq heç bir diplomatik sənəddə yazılmasa belə, xalqların qəlbində möhkəm bir dostluq körpüsünə çevrilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var: «Apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır».

Prezident İlham Əliyev ölkəmizin Vyetnam ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin formalaşdığını bildirdi. Azərbaycan ilə Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı.

Hazırda dost Vyetnam Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi qəbul edilir. Azərbaycanla Vyetnam günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır.Eyni zamanda, iqtisadi-ticari, energetika, nəqliyyat, mədəniyyət və müdafiə sənayesi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi tərəflərin siyasi gündəliyində xüsusi yer tutur. Məhz SOCAR ilə Vyetnamın «PetroVietnam» şirkəti arasında energetika sahəsində anlaşmalar iki ölkə arasında enerji sektorunda genişlənən əlaqələrin əhəmiyyətini göstərir.

Bir sözlə, Vyetnam rəhbərinin  Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da gücləndirəcək. Bu səfər münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq və münasibətlərimizin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri