Azərbaycanda energetika sahəsində dörd əsas qanun qəbul edilib, strateji əhəmiyyətli "İstilik təchizatı haqqında" qanun da daxil olmaqla daha üç qanun hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, əsas diqqət enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafına və sektorun liberallaşdırılmasına yönəlib.
E.Soltanov "İstilik təchizatı haqqında" qanunun xüsusi əhəmiyyətini qeyd edib və deyib ki, bu qanun ölkədə hələ zəif inkişaf etmiş seqment olan mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin inkişafına yönəlib: "Qanun istilik nasosları da daxil olmaqla müasir texnologiyaların tətbiqini nəzərdə tutur, birbaşa enerji səmərəliliyinin artırılmasına dair məqsədlərlə bağlıdır".
"Azərbaycan enerji sektorunu "yaşıl iqtisadiyyat" məqsədlərinə uyğun yenidən qurur", - deyə o əlavə edib.