14 may 2025 22:55
80

15-dən çox ölkənin universitetlərində doktorantura təhsili almış mütəxəssislərin dərəcələri rəsmi şəkildə tanınıb - Famil Mustafayev

Xaricdə təhsil almış vətəndaşların elmi dərəcələrinin ölkədə tanınması Ali Attestasiya Komissiyasının diqqətində olan əsas istiqamətlərdəndir. 2019-2024-cü illərdə Komissiya tərəfindən 181 nəfərin fəlsəfə doktoru elmi dərəcəsinin tanınması haqqında şəhadətnamə verilib.

“İki sahil” xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a müsahibəsində Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev deyib. O bildirib ki, bu şəxslərin əksəriyyəti iqtisadiyyat, tibb, texnika, hüquq və siyasi elmlər sahəsində doktorantura təhsili alıblar: “Onlar Rusiya, Türkiyə, Almaniya, Fransa, Belçika, İtaliya, Niderland, Macarıstan, Böyük Britaniya, ABŞ, Çin, Cənubi Koreya, Yaponiya, Avstraliya və digər ölkələrin universitetlərində təhsilini tamamlamış mütəxəssislərdir. Dövlət Proqramı çərçivəsində nüfuzlu universitetlərdə təhsil alan məzunların sənədləri isə Komissiya tərəfindən prioritet və sadələşdirilmiş qaydada nostrifikasiya edilir. Növbəti illərdə bu qəbildən olan müraciətlərin artacağı gözlənilir.

Komissiya bu istiqamətdə daha dayanıqlı inteqrasiyanı təmin etməyi vacib sayır. Dövlət Proqramı məzunlarının elmi rəhbər kimi fəaliyyət göstərməsi üçün prosedurlarda maneə yoxdur, əvvəlki icazə mexanizmləri ləğv olunduğu üçün prosedur sadələşdirilib. Həmçinin bu məzunların elmi ekspertiza prosesinə, xüsusilə də ekspert şuralarının fəaliyyətinə cəlb olunması nəzərdə tutulur. Bu yanaşma onların beynəlxalq təcrübəsinin yerli elmi sistemə transferinə və ümumilikdə tədqiqat keyfiyyətinin yüksəldilməsinə yönəlib”.

Komissiya sədri qeyd edib ki, xaricdə doktorantura təhsili alan mütəxəssislərin elmə effektiv inteqrasiyası, onların yalnız tədrisə deyil, xüsusilə tədqiqata təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, bu məzunların potensialından istifadə etməklə ölkədə tədqiqat nəticələrinin keyfiyyətini artırmaq mümkündür. Bunun üçün isə həmin mütəxəssislərin elmi fəaliyyətlə məşğul olması üçün həm normativ, həm də maddi-texniki baxımdan əlverişli şəraitin yaradılması vacibdir.