Elmi dərəcə və elmi ad verilməsi, kadrların attestasiyası, dissertasiya şuralarının fəaliyyəti, elmi etika və beynəlxalq təcrübə ilə uyğunluq kimi məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) əsas fəaliyyət istiqamətlərindəndir. Son dövrlərdə bu sahədə həyata keçirilən islahatlar, yeni qaydalar və rəqəmsallaşma prosesi elmi ictimaiyyətin də diqqətindədir.
“İki sahil” xəbər verir ki, bu və digər aktual mövzularla bağlı AZƏRTAC-ın suallarını Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev cavablandırıb.
- Azərbaycanda son illərdə elm sahəsində həyata keçirilən islahatlar və tədqiqatyönümlü ali təhsil modelinə keçid hədəflənir. Bu islahatlar fonunda Ali Attestasiya Komissiyasının fəaliyyətinin elmi sistemin inkişafına verdiyi töhfələr nədən ibarətdir? Sizcə, bu sahədə hansı əsas çağırışlar aktuallığını saxlayır?
- Son dövrlərdə Ali Attestasiya Komissiyasının fəaliyyəti elmi dərəcə və elmi adların verilməsində həm struktur, həm də məzmun baxımından nəzərəçarpacaq dərəcədə yenilənib. 2019-cu ildən etibarən qəbul edilmiş normativ sənədlər əsasında müdafiə və attestasiya prosedurlarında əsaslı dəyişikliklər aparılıb, elmi seminarların təşkili, müdafiə iclaslarında elektron səsvermə və şəffaflıq prinsipləri tətbiq olunub. Tələb olunan monoqrafiya, dərslik, dərs vəsaitləri və ümumiləşdirici işlərlə bağlı meyarlar təkmilləşdirilib, elmi plagiatla mübarizədə texniki və ekspert əsaslı nəzarət gücləndirilib.
Doğrudur ki, elm sahəsində aparılan islahatlar son illərdə daha sistemli xarakter alıb və bu, çox müsbət haldır. Çünki elmə dair sistemli yenilənmə olmadan ali təhsil sistemində baş verən dəyişikliklər tamamlanmış sayılmaz. Bu baxımdan, Komissiyanın rolu əsasən bu islahatların son mərhələsində – yəni elmi dərəcə və elmi adların verilməsi mərhələsində – keyfiyyətin qorunması və təmin edilməsi üzərində qurulub. Məhz bu səbəbdən Komissiyanın öz daxilində də struktur və normativ islahatlar həyata keçirilir.
Bununla yanaşı, aydın şəkildə qeyd olunmalıdır ki, elmi fəaliyyətin keyfiyyəti yalnız Attestasiya mərhələsində deyil, bütövlükdə elmi kadr hazırlığı prosesində formalaşır. Alim olmaq istəyən şəxslərin tədqiqat vərdişləri və elmi düşüncə tərzi bakalavriat və magistratura səviyyələrindən başlayaraq sistemli şəkildə inkişaf etdirilməlidir. Əgər ali təhsilin ilkin mərhələlərində tələbələrdə tədqiqat bacarıqları, elmi üslubda yazı vərdişləri və elmə maraq aşılanmazsa, daha sonra təqdim olunan dissertasiya işlərində keyfiyyətin təmin edilməsi olduqca çətinləşir. Yəni, problemin tam həlli üçün ali təhsilin bütün səviyyələrində elmi mədəniyyətin formalaşdırılması və tədqiqatyönümlü yanaşmanın gücləndirilməsi həlledici rol oynayır.
Öz növbəsində, Komissiya fəaliyyətində keyfiyyəti artırmaq və prosedurları sadələşdirmək məqsədilə yaxın gələcəkdə bir sıra islahatlara başlayacaq. Bu islahatların əsas istiqamətlərindən biri sənədlərin qəbulundan ekspertizasına qədər mərhələlərin rəqəmsallaşdırılması və elektron sistem üzərindən idarə olunmasıdır. Eyni zamanda, elmi dərəcə və elmi adların verilməsi üzrə prosedurların yüngülləşdirilməsi, o cümlədən dissertasiyaların struktur və həcm baxımından çevikləşdirilməsi, akademik yazı tərzinə dair yeni yanaşmaların tətbiqi nəzərdə tutulur. Komissiya sənəd dövriyyəsinin azaldılması və xarici dil tələblərinin tətbiq mexanizmlərində yeniliklər, eləcə də professor elmi adının verilməsi meyarlarının təkmilləşdirilməsi istiqamətində də dəyişikliklər planlaşdırır. Bu addımlar həm şəffaflığı, həm də funksionallığı artırmaq məqsədi daşıyır.
- Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Əsas islahat istiqamətləri hansılar ola bilər?
- Doktorantura sistemində elmi rəhbərlik, dissertasiya mövzularının təsadüfi və təkrar xarakter daşıması, metodoloji hazırlıqla bağlı müəyyən çatışmazlıqlar mövcuddur.
Doktorantura təhsili elmi kadr hazırlığının əsas mərhələsidir və bu sahədə keyfiyyətin təmin olunması ölkənin intellektual potensialının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb, lakin kifayət qədər təkmilləşdirilməli olan məsələlər də mövcuddur.
Əminliklə demək olar ki, doktorantura təhsilində islahatlara ehtiyacın olması bu gün elmi ictimaiyyət tərəfindən də birmənalı şəkildə qəbul olunur. Bunun başlıca səbəbi odur ki, mövcud model əsasən fərdi təşəbbüslər üzərində qurulub, sistemli akademik mühit və dəstəkləyici strukturlar isə məhdud şəkildə fəaliyyət göstərir. Bu da tədqiqat prosesinin keyfiyyətinə, metodoloji hazırlığın səviyyəsinə və nəticələrin tətbiq potensialına birbaşa təsir edir.
Qeyd etmək yerinə düşər ki, beynəlxalq təcrübədə doktorantura təhsili üzrə müxtəlif modellər mövcuddur və onlar arasında ciddi struktur fərqləri var. Məsələn, Avropa ölkələrinin bir çoxunda tətbiq olunan “strukturlu doktorantura modeli” tədqiqat prosesinin əvvəlindən sonunadək sistemli şəkildə təşkil olunmasına yönəlib. Bu modeldə doktorantlar üçün nəzəri-metodoloji hazırlıq kursları, seminarlar, aralıq qiymətləndirmələr və monitorinq mexanizmləri institusional şəkildə qurulur. Tələbənin təkcə elmi işini deyil, ümumi akademik bacarıqlarını da inkişaf etdirməsi nəzərdə tutulur.
Digər tərəfdən, ABŞ modeli daha çox mərhələli yanaşmaya əsaslanır. Bu modeldə doktorantura təhsili magistratura səviyyəsindən sonra 5–7 illik dövrü əhatə edir və ilkin mərhələdə geniş kurs proqramı ilə müşayiət olunur. İmtahan mərhələsini uğurla keçdikdən sonra tələbə dissertasiya mərhələsinə keçir. Burada da təkcə tədqiqat deyil, həm də pedaqoji fəaliyyət, elmi nəşrlər və layihələrdə iştirak vacib komponentlər hesab olunur. Bu yanaşma tədqiqatçının həm akademik, həm də praktiki baxımdan hazırlanmasını təmin edir.
Doktorantura təhsilinin bütün mərhələlərinin məqsədyönlü və ardıcıl şəkildə təşkili vacib olsa da, ən əsas prioritet sayılan nəticə tədqiqatın doktorant tərəfindən elmi üslubda, müvafiq metodoloji çərçivə əsasında və mövcud elmi standartlara uyğun şəkildə hazırlanmasıdır. Bu baxımdan, istənilən struktur modelinin – istər strukturlu Avropa modeli, istərsə də mərhələli Amerika modeli – seçilməsi ikinci dərəcəlidir. Əsas məsələ odur ki, seçilən model həmin elmi keyfiyyəti, akademik dürüstlüyü və tədqiqatın standartlara uyğunluğunu təmin edə bilsin. Komissiyanın funksiyası da məhz bu keyfiyyət meyarlarının qorunmasına nəzarət etməkdir.
- Elmi dərəcələrin verilməsi prosesində elmi müəssisə və təşkilatlarda, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarının fəaliyyəti, müdafiə prosedurlarının ləng və çoxpilləli olması, etik standartlar, qeyri-şəffaf yanaşmalar və subyektivlik ilə bağlı iddialar var. Mövcud müdafiə mexanizmlərində hansı sistem problemləri var və bu sahədə nə kimi dəyişikliklər planlaşdırılır?
- Dissertasiya müdafiə mexanizmləri ilə bağlı müzakirələrin aktuallığı həm Komissiyanın müşahidələri, həm də elmi ictimaiyyətin müzakirələri fonunda başadüşüləndir. Ölkəmizdə hazırda tətbiq olunan müdafiə sistemi tarixi olaraq formalaşmış hibrid bir modeldir – burada həm klassik sovet modelinin elementləri, həm də müasir keyfiyyət meyarları paralel şəkildə mövcuddur.
Vacib bir məsələ ondan ibarətdir ki, dissertasiya şuralarının yaradılması, şura tərkibi və müdafiə iştirakçılarının müəyyən olunması Komissiya tərəfindən deyil, elmi müəssisə və ali təhsil müəssisələri tərəfindən təqdim olunan vəsatətlər əsasında həyata keçirilir. Komissiyanın rolu burada prosedur uyğunluğuna və normativ tələblərə riayət olunmasına nəzarətlə məhdudlaşır.
Bununla belə, müdafiə mərhələsində müəyyən sistem problemləri davam etməkdədir. Bura sənədlərin tamlığı ilə bağlı çatışmazlıqlar, elmi seminar və şura iclaslarında texniki və metodoloji tələblərin tam yerinə yetirilməməsi, opponent seçiminin keyfiyyət meyarlarına tam uyğun gəlməməsi və bəzən prosesin formal xarakter daşıması kimi hallar daxildir. Bu səbəbdən bəzi dissertasiyalar ilkin mərhələdə müsbət rəy alsa da, attestasiya zamanı ciddi elmi və etik pozuntulara görə elmi dərəcə verilməsindən imtinaya səbəb olur. Komissiyanın mövqeyi burada aydındır – biz yalnız nəticəyə deyil, həmin nəticəyə gətirən elmi və prosedur yolun keyfiyyətinə də ciddi yanaşırıq.
Son illərdə bu sahədə daha şəffaf və keyfiyyətə əsaslanan mühitin formalaşdırılması məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, müdafiələrin yekun mərhələsində elektron səsvermə tətbiq edilib, “aparıcı təşkilat” ləğv olunaraq rəsmi opponentlərin sayı artırılıb. Həmçinin xarici dil və ixtisas imtahanlarının keçirilməsində daha çevik və beynəlxalq standartlara uyğun mexanizmlər tətbiq olunub, B2 səviyyəsində dil sertifikatlarının tanınması təmin edilib. Elmi seminarların ixtisas üzrə ayrıca təşkili təmin olunub, dissertasiyaların ingilis dilində hazırlanması və müdafiəsi üçün hüquqi və təşkilati imkanlar yaradılıb. Plagiatla mübarizə isə yalnız texniki vasitələrlə deyil, alternativ ekspertiza əsaslı yanaşmalarla gücləndirilib.
Komissiyanın əsas məqsədi müdafiə prosedurlarını sadəcə texniki baxımdan deyil, mahiyyət etibarilə də gücləndirməkdir. Yəni, məqsəd təkcə sənədlərin düzgünlüyünə nəzarət deyil, təqdim olunan dissertasiyanın elmi keyfiyyətini, metodoloji əsaslarını və aktuallığını da sistemli şəkildə qiymətləndirməkdir. Bəzən iddiaçılar dissertasiya şuralarından keçmiş işlərinə Komissiya səviyyəsində irad bildirilməsini qeyri-obyektivlik kimi qiymətləndirirlər. Əslində bu yanaşma sistemin keyfiyyət filtri kimi son mərhələdə Komissiyanın məsuliyyətli və ciddi şəkildə işləməsinin göstəricisidir.
- Fəlsəfə doktorluğu elmi dərəcəsinin verilməsində mövcud vəziyyət necədir? Prosedurlarda edilən dəyişikliklərin effektivliyi, elmi keyfiyyətin və ədalətli qiymətləndirmənin təmin olunmasına təsiri nə dərəcədə təmin olunub və gələcəkdə daha hansı addımlar nəzərdə tutulur?
- Son illərdə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində bir sıra sistemli dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklərin əsas məqsədi həm prosedurların sadələşdirilməsi, həm də elmi keyfiyyətin və ədalətli qiymətləndirmənin təmin olunması olub. Mövcud vəziyyəti real və obyektiv şəkildə qiymətləndirmək üçün ilk növbədə nəzərə almalıyıq ki, elmi dərəcə təkcə formallıq deyil, tədqiqatın keyfiyyəti və elmi dürüstlüyün göstəricisidir.
İmtahan sistemində də ciddi dəyişikliklər baş verib. Xarici dil imtahanı artıq Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və beynəlxalq sertifikatlara malik olan şəxslər bu mərhələdən azad olunurlar. Bu, obyektivliyin artırılması baxımından önəmlidir.
Elmi nəşrlərə dair tələblər də beynəlxalq standartlara uyğunlaşdırılıb. Artıq fəlsəfə doktoru dərəcəsinə iddia edən şəxslər elmi məqalələrini müəyyən olunmuş xülasələndirmə və indeksləmə bazalarına daxil olan jurnallarda dərc etdirməlidirlər. Bu tələbin tətbiqi nəticəsində Azərbaycan alimlərinin beynəlxalq elmi bazalardakı aktivliyində nəzərəçarpacaq artım müşahidə olunur.
Məsələn, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyət hesabatında da qeyd olunduğu kimi, 2024-cü ildə “Scopus” bazasında Azərbaycan alimləri tərəfindən dərc olunan elmi nəşrlərin sayı əvvəlki illə müqayisədə təxminən 40 faiz artaraq 4000-ə çatıb (2023-cü ildə bu göstərici 2816 idi). Eyni zamanda, “Web of Science” bazasında indekslənmiş nəşrlərin sayı 52.9 faiz artaraq 1885-dən 2882-yə yüksəlib. Bu dinamika göstərir ki, elmi keyfiyyətə yönəlmiş prosedur dəyişiklikləri real nəticələr doğurur və alimlərimizin elmi nəticələrinin qlobal elmi məkana inteqrasiyasını sürətləndirir.
Onu da qeyd edim ki, Komissiya fəlsəfə doktorlarının statusunun artması istiqamətində də müəyyən addımlar atıb. Belə ki, yeni qaydalara görə fəlsəfə doktorları həlledici səslə bütün dissertasiya müdafiələri ilə bağlı iclaslarda (ilkin müzakirə, seminar və bilavasitə müdafiədə), Komissiyanın ekspert şuralarının tərkibində ekspert qismində işə cəlb edilirlər. Bundan başqa, fəlsəfə doktorlarına 2 nəfər doktoranta elmi rəhbərlik üçün heç bir icazə tələb olunmur. Əvvəllər bunun üçün komissiyadan xüsusi icazə almaq lazım olurdu.
Lakin etiraf etməliyik ki, tətbiq olunan dəyişikliklər təkcə mükəmməl prosedur deyil, eyni zamanda, məsuliyyətli akademik mədəniyyət tələb edir. Bəzi hallarda müdafiə mərhələsindən uğurla keçmiş dissertasiya işlərində, attestasiya mərhələsində ciddi elmi, etik və metodoloji pozuntular aşkarlanır. Belə ki, 2019-2024-cü illərdə 1985 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 791 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Bu da onu göstərir ki, islahatlar yalnız qayda dəyişiklikləri ilə məhdudlaşmamalı, elmi mədəniyyətin və etik davranışın da sistemli şəkildə təşviqinə yönəlməlidir.
- Müasir beynəlxalq təcrübədə doktorantura təhsili əsasən PhD dərəcəsi ilə məhdudlaşır. Lakin Azərbaycanda elmlər doktoru mərhələsi ayrıca elmi pillə kimi saxlanılır. Bu modelin davam etdirilməsi elmi keyfiyyətin artırılması baxımından müdafiə olunsa da, bəzi ekspertlər onun funksional səmərəliliyini və beynəlxalq uyğunluğunu sual altına alırlar. Elmlər doktoru dərəcəsinin saxlanması ilə bağlı mövqeyiniz nədir və bu sistemin transformasiyası gündəmdə varmı? Sizcə, elmlər doktoru dərəcəsinin ayrı mərhələ kimi saxlanılması indiki mərhələdə zərurətə uyğundurmu, yoxsa bu sistemin beynəlxalq modellərə uyğun təkpilləli strukturla əvəzlənməsi məqsədəuyğundur?
- Elmlər doktoru elmi dərəcəsi ölkəmizdə uzun illərdir ki, akademik sistemin tərkib hissəsidir. Bu dərəcə təkcə doktorantura pilləsinin davamı deyil, həm də müstəqil və fundamental elmi tədqiqatların nəticəsi kimi nəzərdə tutulub. Bununla yanaşı, qeyd etməliyik ki, bu model hazırda yalnız Azərbaycanda deyil, bir sıra Avropa və MDB ölkələrində də tətbiq olunmağa davam edir.
Biz bu məsələyə radikal deyil, mərhələli və məsuliyyətli yanaşmanın tərəfdarıyıq. Elmlər doktoru dərəcəsinin ləğvi və ya təkpilləli sistemə keçid yalnız normativ sənəd dəyişikliyi ilə həll edilə biləcək məsələ deyil. Bu, həm də institusional mexanizmlərin, elmi tədqiqat infrastrukturunun və akademik mühitin hazır olması ilə bağlıdır.
İlk növbədə onu qeyd etməliyik ki, elmlər doktoru elmi dərəcəsinə yiyələnmək könüllü seçimdir. Bu, hər bir tədqiqatçının öz elmi yolunu necə davam etdirmək istəyinə bağlı qərardır və heç bir məcburiyyət elementi daşımır. Burada, əksinə, bu sistemin olmaması elmlər doktoru olmaq arzusunda olanlar üçün məhdudiyyətlər yarada bilər. Digər tərəfdən, son dövrlərdə vəzifə təyinatları da göstərir ki, hətta ali təhsil və elmi müəssisələrin rəhbər vəzifəliləri üçün də elmlər doktorluğu elmi dərəcəsinin olması şərt deyil. Belə olan halda bu mərhələnin mövcudluğu kimə mane olur?
Lakin bu mərhələ, məzmun baxımından, sırf elmi tutumun sübutuna əsaslanan və yüksək nəticə tələb edən bir elmi pillədir.
Mövcud qaydalara əsasən, elmlər doktoru olmaq istəyən tədqiqatçı müvafiq sahə üzrə ciddi elmi nəticələr ortaya qoymalıdır. Belə ki:
- Humanitar və ictimai elmlər üzrə dissertasiya mövzusuna uyğun azı 15 elmi məqalə, onlardan azı 3-ü beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc olunmalıdır;
- Dəqiq və təbiət elmləri üzrə isə azı 10 elmi məqalə, onlardan azı 5-i beynəlxalq bazalarda yerləşdirilmiş jurnallarda dərc olunmalıdır.
Bu tələblər təsadüfi müəyyən edilməyib. Onların məqsədi - elmlər doktoru dərəcəsini daşıyan şəxsin həqiqətən sistemli, davamlı və əhəmiyyətli tədqiqat nəticələri ortaya qoyduğunu sübut etməkdir.
Statistikaya nəzər salsaq, 2019- 2024-cü illərdə 365 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Bu şəxslər ümumilikdə azı 4420 elmi məqalə təqdim ediblər. Onlardan da azı 1521 məqalə beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnallarda yayımlanıb. Bu rəqəmlər elmlər doktorluğu institutunun ölkə elminə verdiyi konkret və ölçüləbilən töhfəni nümayiş etdirir.
Burada əsas sual budur: bu elmi pillənin ləğvi halında həmin məhsuldarlıq necə qorunacaq və ya əvəzlənəcək? Komissiya olaraq, bu məsələni təkcə formal idarəetmə çərçivəsində deyil, həm də ölkə elminə real təsir və töhfə prizmasından qiymətləndiririk.
- Dosent elmi adının verilməsi prosedurunun sadələşdirilməsi və müasirləşdirilməsi istiqamətində müzakirələr aparılır. Bu istiqamətdə Komissiyanın planları və yanaşması nədir?
- Dosent elmi adı elmi-pedaqoji fəaliyyətin mühüm mərhələsi kimi dəyərləndirilir və bu sahədə tətbiq olunan prosedurların həm şəffaf, həm də səmərəli olması Komissiyanın diqqət mərkəzindədir. 2019-2024-cü illərdə 1326 şəxsə dosent elmi adı verilib. Komissiyanın yanaşması ondan ibarətdir ki, dosent elmi adının verilməsində əsas meyar yalnız formallıq deyil, iddiaçının ixtisası üzrə sistemli elmi fəaliyyəti, elmi rəhbərlik təcrübəsi, metodiki töhfələri və pedaqoji göstəriciləri əsasında qiymətləndirilməlidir. Bu baxımdan, gələcək mərhələdə elmi məqalələrin keyfiyyətinə dair tələblərin sahələr üzrə diferensiallaşdırılması, pedaqoji fəaliyyəti əks etdirən göstəricilərin sənədlə təsdiqi və bəzi texniki mərhələlərin rəqəmsallaşdırılması istiqamətində addımlar nəzərdə tutulur.
Eyni zamanda, Komissiya nəzərə alır ki, elmi dərəcəsi olmayan, lakin ölkə daxilində ali təhsil, mədəniyyət, memarlıq, hərbi və idman sahələrində uzun müddət qüsursuz fəaliyyət göstərmiş və əhəmiyyətli nəticələr əldə etmiş şəxslər üçün də istisna hallarda elmi ad verilməsi mümkündür. Bu məqsədlə xüsusi qayda və meyarlar müəyyən edilib. Bu yanaşma elmi adların yalnız akademik dərəcə ilə deyil, sahəvi töhfə və tanınmış fəaliyyətlə də əsaslandırıla biləcəyini nəzərə alır.
Əlavə olaraq, beynəlxalq yanaşmalar göstərir ki, bir çox ölkələrdə “dosent” və ya ona ekvivalent statuslara seçim zamanı namizədin elmi nəşrlərinin səviyyəsi, tədris fəaliyyəti, elmi rəhbərlik təcrübəsi və beynəlxalq əməkdaşlıq göstəriciləri əsas meyar kimi götürülür. Bu modelin ölkəmizdə tətbiqi üçün ali təhsil müəssisələrində elmi fəaliyyətin qiymətləndirilməsi üzrə şəffaf və müstəqil daxili mexanizmlərin qurulması, universitetlərin akkreditasiya və keyfiyyət təminatı baxımından bu səlahiyyəti daşıya biləcək səviyyədə institusional potensiala malik olması, elmi rəhbərlik, nəşr keyfiyyəti və pedaqoji fəaliyyətin sənədlərlə əsaslandırıldığı daxili performans sistemlərinin mövcudluğu, plagiat və etik pozuntulara nəzarət üzrə milli mexanizmlərin işləkliyi və normativ-hüquqi bazanın uyğunlaşdırılması vacib şərtlərdir.
- Professor elmi adının verilməsi üçün mövcud tələblərin elmi fəaliyyətin real göstəricilərini əks etdirmədiyi, formal meyarlarla məhdudlaşdığı barədə elmi ictimaiyyətdə müzakirələr aparılır. Digər tərəfdən, beynəlxalq praktikada bu adda və statusda vəzifələr çox zaman vəzifə təyinatı ilə tənzimlənir, elmi-pedaqoji fəaliyyətin təsdiqlənmiş nəticələrinə əsaslanır. Bu sahədə mövcud vəziyyət və problemlər nədir və daha şəffaf, obyektiv sistem qurmaq üçün hansı islahatlar mümkündür?
- Professor elmi adının verilməsi mexanizmi Azərbaycanda son illərdə əhəmiyyətli şəkildə təkmilləşdirilib. 2019-2024-cü illərdə 225 nəfərə professor elmi adı verilib. Bu ad yalnız müvafiq elmi dərəcəsi olan və ixtisası üzrə elmi və ya elmi-pedaqoji fəaliyyət göstərən şəxslərə verilir. Tələblər sırasında beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrin sayı, H-indeks göstəricisi, elmi rəhbərlik nəticələri və metodiki fəaliyyətin keyfiyyəti əsas yer tutur.
Bununla belə, elmi ictimaiyyətdə bu sistemin bəzi hallarda fəaliyyətin real elmi-pedaqoji çəkisini tam əks etdirmədiyi, xüsusilə humanitar sahələrdə meyarların uyğunlaşdırılmasının çətinliyi ilə bağlı suallar mövcuddur. Eyni zamanda, bəzi iddiaçılar tərəfindən məzmun keyfiyyətindən çox say göstəricilərinə önəm verildiyi müşahidə olunur.
Beynəlxalq təcrübədə professor titulu çox zaman ali təhsil müəssisələrinin daxili qərarları əsasında – yəni vəzifə təyinatı kimi – müəyyən edilir. Bu isə həmin ölkələrdə elmi keyfiyyəti tənzimləyən güclü daxili institutların və akkreditasiya mexanizmlərinin mövcudluğu ilə bağlıdır.
Hazırda Azərbaycanda məqsədimiz sistem daxilində obyektivlik və şəffaflığı daha da gücləndirməkdir. Bu baxımdan, bir sıra əlavə tədbirlər nəzərdən keçirilir. Buraya nəşrlərin keyfiyyətinə dair sahəyə uyğun fərqləndirilmiş yanaşmaların tətbiqi, elmi rəhbərlik və pedaqoji fəaliyyətin sənədlərlə təsdiqlənməsi, universitetlərin daxili qiymətləndirmə nəticələrinin nəzərə alınması və elmi adların verilməsi prosesində izlənə bilən rəqəmsal platformaların istifadəsi daxildir.
Qeyd etmək lazımdır ki, professor elmi adı yalnız elmlər doktoru dərəcəsinə malik şəxslərlə məhdudlaşmır – bu ada fəlsəfə doktoru dərəcəsi ilə də iddia etmək mümkündür. Lakin bu halda meyarlar daha genişdir: iddiaçının dosent elmi adı aldıqdan sonra azı 5 il elmi və ya elmi-pedaqoji fəaliyyətlə qüsursuz məşğul olması, beynəlxalq bazalarda indeksləşən jurnallarda sahəyə uyğun olaraq azı 3 humanitar və ya 7 dəqiq elmlər üzrə məqalə dərc etdirməsi, H-indeks göstəricisinin müvafiq sahə üzrə azı 5 və ya 10 olması, elmi rəhbərliyi ilə azı 2 nəfərin fəlsəfə doktoru dərəcəsi alması və həm dərslik nəşri, həm də beynəlxalq elmi tədbirlərdə iştirakı tələb olunur. Burada siyahısı Komissiya tərəfindən müəyyən edilmiş xarici akademik nəşriyyatlarda dərc olunmuş monoqrafiya tələbi də mövcuddur. Bu yanaşma Komissiyanın elmi keyfiyyəti əsas meyar kimi qəbul etdiyini və professor adının yalnız dərəcə deyil, nəticə əsasında təqdim edilməsini təmin etdiyini göstərir. Professor elmi adı yalnız şəxsi karyera və nüfuz göstəricisi deyil, eyni zamanda milli elmin keyfiyyətinin simvoludur. Buna görə də bu sahədə tətbiq olunan hər bir qayda həm elmi tutum, həm də ictimai etimad baxımından davamlı və əsaslandırılmış olmalıdır.
- Dövlət proqramları çərçivəsində və ya fərdi qaydada xaricdə təhsil almış şəxslərin sənədlərinin tanınması məsələsi aktualdır. Xüsusilə də Avropa və MDB ölkələrində doktorantura təhsili almış Azərbaycan vətəndaşlarının elmi dərəcələrinin ölkədə tanınması məsələsi müzakirə olunur. Bəzi hallarda sənədlərin nostrifikasiyası və ya təkrar attestasiyaya yönləndirilməsi elmi ictimaiyyətdə əlavə bürokratik yük və ləngimə kimi qiymətləndirilir. Bu prosedurla bağlı Komissiyanın üzləşdiyi hansı çətinliklər var? Hazırda bu sahədə hansı mexanizmlər mövcuddur və onların sadələşdirilməsi üçün hansı dəyişikliklər gözlənilir?
- Xaricdə təhsil almış vətəndaşların elmi dərəcələrinin ölkədə tanınması Ali Attestasiya Komissiyasının diqqətində olan əsas istiqamətlərdəndir. 2019-2024-cü illərdə Komissiya tərəfindən 181 nəfərin fəlsəfə doktoru elmi dərəcəsinin tanınması haqqında şəhadətnamə verilib. Bu şəxslərin əksəriyyəti iqtisadiyyat, tibb, texnika, hüquq və siyasi elmlər sahəsində doktorantura təhsili alıblar və Rusiya, Türkiyə, Almaniya, Fransa, Belçika, İtaliya, Niderland, Macarıstan, Böyük Britaniya, ABŞ, Çin, Cənubi Koreya, Yaponiya, Avstraliya və digər ölkələrin universitetlərində təhsilini tamamlamış mütəxəssislərdir. Dövlət Proqramı çərçivəsində nüfuzlu universitetlərdə təhsil alan məzunların sənədləri isə Komissiya tərəfindən prioritet və sadələşdirilmiş qaydada nostrifikasiya edilir. Növbəti illərdə bu qəbildən olan müraciətlərin artacağı gözlənilir.
Komissiya bu istiqamətdə daha dayanıqlı inteqrasiyanı təmin etməyi vacib sayır. Dövlət Proqramı məzunlarının elmi rəhbər kimi fəaliyyət göstərməsi üçün prosedurlarda maneə yoxdur, əvvəlki icazə mexanizmləri ləğv olunduğu üçün prosedur sadələşdirilib. Həmçinin bu məzunların elmi ekspertiza prosesinə, xüsusilə də ekspert şuralarının fəaliyyətinə cəlb olunması nəzərdə tutulur. Bu yanaşma onların beynəlxalq təcrübəsinin yerli elmi sistemə transferinə və ümumilikdə tədqiqat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Ümumiyyətlə, xaricdə doktorantura təhsili alan mütəxəssislərin elmə effektiv inteqrasiyası, onların yalnız tədrisə deyil, xüsusilə tədqiqata təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məzunların potensialından istifadə etməklə ölkədə tədqiqat nəticələrinin keyfiyyətini artırmaq mümkündür. Bunun üçün isə həmin mütəxəssislərin elmi fəaliyyətlə məşğul olması üçün həm normativ, həm də maddi-texniki baxımdan əlverişli şəraitin yaradılması vacibdir.
- Elmi fəaliyyətin keyfiyyəti və legitimliyi, ilk növbədə, etik prinsiplərə əməl olunmasından asılıdır. Son illərdə dissertasiya işlərində və elmi nəşrlərdə qeyri-qanuni istinad, mənbəsiz istifadə və müəllif hüquqlarının pozulması kimi hallar geniş ictimai müzakirəyə səbəb olub. Elmi etikanın qorunması və plagiatla mübarizə sahəsində AAK-ın mövcud siyasəti və gələcək addımları nədən ibarətdir?
- Komissiya elmi fəaliyyətin keyfiyyətinin və legitimliyinin təmin olunmasında elmi etika və plagiatla mübarizəni prioritet istiqamət kimi müəyyən edib. Elmi dürüstlük prinsiplərinin qorunması yalnız elmi nəticələrin etibarlılığını artırmır, həm də ölkənin ümumi elmi nüfuzunu formalaşdırır. 2019-2024-cü illərdə elmi dərəcə və elmi ad verilməsindən imtina hallarının sayı 1094 olub. Bu da əsasən plagiat, elmi keyfiyyətin aşağı səviyyədə olması və sənəd tələblərinə uyğun gəlməmək kimi səbəblərlə bağlıdır. Komissiya tərəfindən elmi dərəcə və ya elmi ad verilməsindən imtina halları ümumi müraciətlərin 30 faizdən çoxunu təşkil edir. Bu göstərici həm ölkə daxilində, həm də xaricdə – xüsusilə Türkiyə, Ukrayna, Rusiya və İtaliya kimi ölkələrdə elmi dərəcə almış iddiaçıların sənədləri əsasında verilmiş qərarları əhatə edir. Plagiat bu imtinaların başlıca səbəblərindən biridir və bu gün məhz Komissiyanın tətbiq etdiyi çoxpilləli qiymətləndirmə və prinsipial nəzarət mexanizmləri nəticəsində, yalnız ölkə daxilində deyil, həm də xaricdə əldə edilmiş (2019-2024-cü illərdə 42 nəfərin xaricdə əldə edilmiş sənədi tanınmayıb) elmi dərəcələrlə bağlı neqativ halların, o cümlədən plagiatın qarşısının alınması mümkün olur.
Komissiya bu istiqamətdə texnoloji və normativ tədbirlər həyata keçirir. Təqdim olunan bütün dissertasiyalar beynəlxalq lisenziyalı plagiat proqramları (StrikePlagiarism, Antiplagiat.ru, Turnitin) ilə yoxlanılır, həmçinin ekspert şuraları vasitəsilə məzmun analizi və açar ifadələrin kontekstual axtarışı aparılır. Bu yanaşma nəticəsində bəzi hallarda texniki plagiat əmsalı sıfır göstərilən dissertasiyalarda belə, plagiat faktları üzə çıxarılır. Eyni zamanda, psevdoelmi nəticələrin təqdim edilməsi, əvvəlki tədqiqatların yeni kimi təqdim olunması, təkrarlanan mövzular və bəzi dissertasiyaların digər şəxslər və ya kommersiya qurumları tərəfindən yazılması halları müəyyən edilir və həmin işlərə ciddi nəzarət tədbirləri tətbiq olunur. Komissiyanın mövcud hüquqi mexanizmləri çərçivəsində, elmi etika pozuntusu müəyyən edilərsə, yalnız iddiaçıya deyil, elmi rəhbər və opponentlərə də üçillik məhdudiyyət tətbiq edilir. Komissiya bu istiqamətdə fəaliyyətini davam etdirərək yalnız texniki yoxlama ilə kifayətlənməyib, kompleks etik nəzarət sistemini gücləndirməyi və elmi mədəniyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.
- AAK-a təqdim olunan dissertasiyaların və vəsatətlərin obyektiv qiymətləndirilməsi başlıca olaraq ekspert şuralarının rəylərinə əsaslanır. Elmi ekspertizanın keyfiyyəti və müstəqilliyi ekspert şuralarının fəaliyyətindən asılıdır. Ekspert şuralarının tərkibi və fəaliyyət mexanizmləri üzrə, eləcə də fəaliyyətində elmi səviyyənin və obyektivliyin artırılması üçün AAK tərəfindən hansı struktur və normativ islahatlar həyata keçirilir?
- Ekspert şuralarının fəaliyyəti və onların Komissiya sistemində tutduğu rol son illərdə nəzərəçarpacaq dərəcədə təkmilləşdirilib. Hazırda Komissiyanın nəzdində 24 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir və bu şuralara ümumilikdə 300-ə yaxın mütəxəssis cəlb olunub. Ekspert şuralarının tərkibi formalaşdırılarkən üzvlərin elmi dərəcələri, sahə üzrə ixtisaslaşmaları və elmi nüfuzu nəzərə alınır.
Ekspert şuralarının vəzifəsi yalnız texniki rəy verməklə məhdudlaşmır – onlar, həmçinin iddiaçılarla müzakirə aparır, onların təqdim etdikləri tədqiqatların elmi səviyyəsini, metodoloji ardıcıllığını və etibarlılığını qiymətləndirir. Ekspert rəylərində dissertasiyanın aktuallığı, tədqiqat üsullarının məqsədəuyğunluğu, nəticələrin dürüstlüyü və təkrarçılıq ehtimalları əsaslı şəkildə təhlil olunur. Eyni zamanda, elmi adlar üzrə təqdim olunan sənədlərdə plagiat halları və müəlliflik hüquqları xüsusi diqqətlə araşdırılır.
Struktur baxımından, ekspert şuraları Komissiyanın Rəyasət Heyətinin qərarları əsasında yaradılır. Şuraların iclaslarına zəruri hallarda iddiaçılar da dəvət edilir, bu isə qiymətləndirmə prosesinin şəffaflığını artırır. Dəvət olunmuş iddiaçı üzrsüz səbəbdən 2 ay ərzində iştirak etməzsə, ekspertiza dayandırılır və sənədlər geri qaytarılır.
Ekspert şuralarının tərkibi yalnız ixtisas sahəsində aktiv elmi fəaliyyət göstərən və elmi nüfuzu olan mütəxəssislərdən formalaşdırılır. Şura üzvlərinin yazılı razılığı alınmaqla formalaşdırılması, onların fəaliyyətində obyektivlik, peşəkar etik davranış və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlər də ayrıca müəyyən olunub. Qeyd edək ki, Komissiya tərəfindən ekspertlərin fəaliyyətinin keyfiyyətinə nəzarət həyata keçirilir və zəruri hallarda onların tərkibi dəyişdirilir.
Hazırda Komissiya ekspert fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəylərin standartlaşdırılması, fəaliyyətin hesabatlılığı və rəqəmsallaşdırılması kimi islahatlara hazırlaşır. Məqsəd yalnız nəticəyə deyil, nəticəyə gətirən elmi və metodoloji yolun da etibarlı şəkildə qiymətləndirilməsini təmin etməkdir. Bu yanaşma həm milli, həm də beynəlxalq elmi standartlara uyğun, çoxpilləli və məsuliyyətli ekspertiza sisteminin qurulmasına xidmət edəcək.
- Son dövrlərdə elmi təşkilatların sayının və strukturunun optimallaşdırılması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülüb. Lakin bu qurumların bir çoxunda hələ də maddi-texniki baza, insan resursları və tədqiqat məhsuldarlığı baxımından ciddi fərqliliklər qalmaqdadır. Məhz bu səbəbdən, AAK tərəfindən həyata keçirilən akkreditasiya mexanizmlərinin bu fərqlilikləri necə nəzərə aldığı və real keyfiyyətin təmininə nə dərəcədə xidmət etdiyi aktual müzakirə mövzusudur. Sizcə, mövcud akkreditasiya mexanizmləri elmi müəssisələrin fəaliyyətini daha səmərəli etmək üçün kifayət qədər təsirlidirmi?
- Elmi müəssisələrin fəaliyyətinin səmərəliliyini təmin etmək və elmi keyfiyyəti yüksəltmək məqsədilə Komissiyaya son illərdə yeni səlahiyyətlər həvalə olunub. Xüsusilə elmi müəssisələrin və təşkilatların akkreditasiyası istiqamətində həyata keçirilən islahatlar bu sahədə mühüm dəyişikliklərin əsasını qoyub. Akkreditasiya prosesi yalnız struktur və sənəd üzərində yoxlama ilə məhdudlaşmır, həm də müəssisənin elmi məhsuldarlığı, tədqiqat potensialı və insan resursları kontekstində real fəaliyyətinə əsaslanır.
Komissiyanın yanaşması beynəlxalq təcrübəyə uyğun olaraq obyektivlik və tərəfsizlik üzərində qurulub. Belə ki, Komissiya ilə akkreditasiyadan keçməli olan elmi müəssisələr arasında təşkilati baxımdan heç bir asılılıq olmadığı üçün maraqların toqquşması ehtimalı azdır və bu da elmdə keyfiyyətin təmin olunması baxımından mühüm üstünlükdür.
Eyni zamanda, Komissiya bu işdə öz fəaliyyətini yalnız kəmiyyət qiymətləndirmələri ilə məhdudlaşdırmır, elmi tədqiqatların keyfiyyət göstəricilərinin yüksəldilməsi, monitorinq və akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində strategiyalar formalaşdırır. Bu sahədə aparılan işlərin təhlili göstərir ki, burada kifayət qədər çağırışlar mövcuddur. Bəzi elmi təşkilatlarda infrastruktur, kadr potensialı və elmi nəticələrin səviyyəsi arasında ciddi fərqlər müşahidə olunur. Bu fərqliliklərin aradan qaldırılması üçün isə akkreditasiya sisteminin davamlı olaraq təkmilləşdirilməsi və müəssisələrin fəaliyyətinin dərin təhlilə əsaslanan keyfiyyət göstəriciləri ilə qiymətləndirilməsi vacibdir.
Hazırda akkreditasiya yalnız institusional səviyyədə həyata keçirilir, yəni elmi müəssisə və təşkilatlarda keyfiyyət təminatı sisteminin mövcudluğu və fəaliyyəti qiymətləndirilir. Lakin bu sahədə ən vacib istiqamətlərdən biri doktorantura və dissertantura proqramlarının məzmun və proses baxımından ayrıca akkreditasiyasıdır. Belə bir yanaşma təkcə ümumi infrastrukturun deyil, elmi kadrların hazırlanmasının konkret keyfiyyət göstəricilərinin də dəyərləndirilməsinə imkan verərdi. Doktorantura proqramlarının akkreditasiyası, təəssüf ki, hələ sistemli şəkildə həyata keçirilmir və bu, bir çox hallarda keyfiyyətsiz tədqiqatların yaranmasına, metodoloji zəifliklərə və təkrarlanan mövzuların yayılmasına səbəb olur. Komissiya bu istiqamətdə islahatları dəstəkləyir və hesab edir ki, məhz doktorantura proqramlarının ayrı-ayrılıqda akkreditasiyası gələcəkdə mövcud mənfi halların əvvəlcədən qarşısını almağa və elmi fəaliyyətin effektivliyini artırmağa xidmət edəcək.
- Süni intellekt alətləri elmi tədqiqat metodologiyasını dəyişməkdədir. Bu texnologiyaların istifadəsi sizcə, elmi fəaliyyətə nə kimi təsirlər göstərir və bu sahədə tənzimləyici yanaşmalara ehtiyac varmı?
- Süni intellekt alətləri, xüsusilə dil modelləri elmi tədqiqatın strukturuna və epistemoloji əsaslarına ciddi təsir göstərməkdədir. Bu texnologiyalar təkcə texniki əməliyyatları deyil, həm də tədqiqatın məzmununu, metodologiyasını və akademik yazı mədəniyyətini dəyişdirmək potensialına malikdir. Müasir elmi debatlarda süni intellektin bilik istehsalında insan-subyekt anlayışını necə transformasiya etdiyi, müəlliflik və məsuliyyət anlayışlarını necə yenidən şərh etdiyi əsas müzakirə mövzularındandır.
Əvvəla, bu texnologiyalar informasiyanın axtarışı, təhlili və ilkin strukturlaşdırılmasında tədqiqatçını dəstəkləyə bilər. Lakin bu, avtomatlaşdırılmış bilik formalarının dominantlaşması riskini də artırır. Belə bir tendensiya tədqiqatın reflektivliyini, metodoloji əsaslandırmanı və nəzəri dərinliyi zəiflədə bilər. İkincisi, akademik yazıda süni intellektdən istifadə edilməsi müəlliflik və etika məsələlərini daha da kəskinləşdirir. Bəzi hallarda tədqiqatçılar bu alətlərdən istifadəni “yardımçı funksiya” kimi təqdim etsələr də, faktiki olaraq, süni intellektin yaratdığı mətnlərin orijinallığı və onların müəlliflik hüququ ilə bağlı problemlər qalır.
Bu səbəbdən, bu texnologiyaların elmi fəaliyyətə inteqrasiyası yalnız texniki deyil, həm də normativ və institusional yanaşmalar tələb edir. Məsələn, elmi jurnallar və elmi dərəcə verən qurumlar bu vasitələrin istifadəsinə dair şəffaflıq tələblərini artırmalı, süni intellektlə yaradılmış mətnlərin açıqlanması və etika standartlarına uyğunluğu üçün prosedurlar müəyyənləşdirməlidir. Bununla yanaşı, Komissiya səviyyəsində biz dissertasiya və elmi əsərlərin ekspertizasında bu cür texnologiyalardan istifadəyə dair müasir beynəlxalq təcrübəyə əsaslanan meyarlar formalaşdırılmağı nəzərdə tuturuq. Əks halda, akademik keyfiyyətin və etibarlılığın saxlanılması çətinləşə bilər.
- Azərbaycanda dövri elmi jurnalların beynəlxalq indekslərə çıxışı və keyfiyyət standartlarına uyğunluğu aktual məsələdir. AAK bu istiqamətdə nə kimi təşəbbüslər göstərir və gələcəkdə hansı tədbirlər nəzərdə tutulur?
- Azərbaycanda dövri elmi jurnalların beynəlxalq indekslərə çıxışı və keyfiyyət standartlarına uyğunluğu məsələsi elmi fəaliyyətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Komissiya bu sahədə konkret təşəbbüslər irəli sürüb və bir sıra sistemli tədbirlər həyata keçirib. Normativlərdə edilən dəyişikliklərlə elmi dərəcə və elmi ad almaq istəyən iddiaçılar üçün beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalə dərc etdirmək tələbi təsbit edilib. Bu tələb həm elmi fəaliyyətin keyfiyyətini artırmağa, həm də elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin elmmetrik göstəricilərini yaxşılaşdırmağa yönəlib.
Komissiya tərəfindən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər” ciddi şəkildə yenilənib və 31 konkret meyar müəyyən edilib. Bu meyarlara dövri nəşrin dövlət qeydiyyatı, ISSN və e-ISSN kodlarının alınması, elektron platformada mövcudluğu, DOI təyinatı, beynəlxalq redaksiya heyətinin formalaşdırılması, plagiat yoxlanışının təmin olunması və məqalələrin elmi, qrammatik redaktəsi kimi bir çox texniki və məzmun baxımından keyfiyyətə yönəlmiş tələblər daxildir. Eyni zamanda, dissertasiya nəticələrinin dərc olunacağı nəşrlərdə məqalələrin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və nəticələrinin aydın şəkildə təqdim edilməsi şərt kimi irəli sürülür.
Bu tədbirlər bütövlükdə ölkə elminin beynəlxalq elmi informasiya mühitinə inteqrasiyasını gücləndirmək, yerli elmi nəşrlərin keyfiyyətini artırmaq və Azərbaycanın elmi jurnal sistemi üçün daha güclü beynəlxalq tanınma təmin etmək məqsədi daşıyır. Elmi jurnalların beynəlxalq indekslərə çıxışı üçün ən başlıca şərt tədqiqatların elmi keyfiyyətinin artırılmasıdır. Qlobal elmi bazalar yalnız metodoloji cəhətdən əsaslandırılmış, orijinal elmi nəticələr təqdim edən, aktual problemləri araşdıran və beynəlxalq elmi diskursa töhfə verən məqalələri qəbul edən jurnalları indeksləyir. Bu səbəbdən, redaksiyaların əsas diqqəti məhz keyfiyyətli tədqiqatların cəlbinə, ciddi resenziya prosesinə və elmi etikanın qorunmasına yönəlməlidir.
- AAK ölkədə elmi dərəcə və adların verilməsi prosesinə cavabdeh olan əsas tənzimləyici qurumdur. Onun qəbul etdiyi qərarlar elmi karyeranın istiqamətini müəyyən edir və milli elmi sistemin keyfiyyətinə birbaşa təsir göstərir. AAK-ın qərarları və funksional rolu elmi ictimaiyyətin və akademik dairələrin diqqət mərkəzindədir. Son illərdə elmi dərəcə və adların verilməsi mexanizmlərinin effektivliyi, şəffaflığı və obyektivliyi ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir. Sizcə, AAK-ın bir dövlət qurumu olaraq milli elm sistemində oynadığı funksional rol və məqsədi ictimaiyyət tərəfindən kifayət qədər aydın qəbul olunurmu? Bu qurumun əhəmiyyətini və legitimliyini gücləndirmək üçün hansı addımlar atılmalıdır?
- Komissiyanın institusional gücü onun elmi müəssisə və ali təhsil qurumlarından müstəqil fəaliyyət göstərməsindədir. Bu, qərarların daha obyektiv və maraqlardan kənar verilməsinə imkan yaradır. Komissiya hazırda ölkədə elmi dərəcə və elmi adların verilməsi sahəsində keyfiyyətin təminatını həyata keçirən əsas tənzimləyici qurumdur. Onun fəaliyyəti yalnız inzibati prosedurların icrası ilə məhdudlaşmır, eyni zamanda, elmi fəaliyyətin məzmununa əsaslanan çoxsəviyyəli ekspertiza mexanizmi üzərində qurulub. Bu baxımdan, Komissiyanın əsas missiyası elmin etibarlılığına, şəffaflığına və akademik dürüstlüyə xidmət edən sistemli yanaşmanı təmin etməkdir. Son illərin statistikasına nəzər saldıqda görürük ki, təqdim olunan dissertasiya və attestasiya sənədlərinin təxminən 30 faizində elmi dərəcə və elmi adın verilməsindən imtina edilib. Bu göstərici bir tərəfdən Komissiyanın obyektiv və prinsipial mövqeyini, digər tərəfdən isə bəzi elmi və ali təhsil müəssisələrində keyfiyyətlə bağlı problemlərin hələ də mövcudluğunu göstərir.
Aparılmış qiymətləndirmələr göstərir ki, bəzi hallarda təqdim olunan işlərdə metodoloji zəifliklər, istinad qaydalarına əməl olunmaması, plagiat faktları, əvvəlki tədqiqatların yeni kimi təqdim edilməsi və etik prinsiplərə zidd hallara rast gəlinir. Bütün bu çatışmazlıqlar Komissiya tərəfindən aşkara çıxarılır və onların qarşısı alınır. Əks halda, elmi dərəcə və adların keyfiyyətsiz şəkildə verilməsi nəticəsində həm milli elm sistemində devalvasiya yaranar, həm də beynəlxalq miqyasda Azərbaycanın elmi nüfuzu zərər görə bilər.
Nəzərə almaq lazımdır ki, Komissiyanın fəaliyyət istiqamətləri, səlahiyyətləri və prioritetləri dövlətin elm siyasətinə uyğun olaraq formalaşır. Yəni, Komissiyanın mövcudluğu və fəaliyyəti birbaşa ölkə rəhbərliyinin elmi sistemin inkişafı və keyfiyyətin təmininə verdiyi önəmin nəticəsidir. Bu baxımdan, Komissiyanın institusional mövqeyi və ictimai legitimliyi həm də ümumi dövlət siyasətinin ayrılmaz bir hissəsi kimi qiymətləndirilməlidir.
- Elmi tədbirlər alimlərin şəbəkələşməsi və nəticələrin yayılması üçün əsas platformadır. Sizcə, bu sahədə Azərbaycan alimlərinin qarşılaşdığı əsas maneələr hansılardır və onların aradan qaldırılması üçün hansı dəstəyə ehtiyac var?
- Elmi konfranslar və beynəlxalq tədbirlər akademik cəmiyyətin dinamikliyini təmin edən əsas platformalardan biridir. Məhz bu tədbirlər çərçivəsində elmi yeniliklər paylaşılır, mövcud nəzəri yanaşmalar yenidən dəyərləndirilir və yeni tədqiqat istiqamətləri formalaşır. Elmi fəaliyyətin canlı və qarşılıqlı müzakirəyə əsaslanan mahiyyəti baxımından bu cür tədbirlərin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təşkili və dəstəklənməsi çox vacibdir.
Təəssüf ki, nəinki ölkəmizdə, eləcə də dünyada keyfiyyətli elmi platformaların əvəzinə formal xarakter daşıyan və ya “beynəlxalq” adı altında təşkil edilən, lakin elmi baxımdan şübhəli tədbirlərdə iştirak son zamanlar geniş vüsət alıb. Belə hallarda təqdim olunan tezis və məqalələr, məzmun baxımından ciddi elmi müzakirəyə əsaslanmır və yalnız attestasiya sənədlərinin tələblərini formal olaraq yerinə yetirmək məqsədi daşıyır. Komissiyanın apardığı monitorinq nəticəsində məlum olub ki, bəzi iddiaçılar saxta konfranslarda iştirak edərək, həmin tədbirlərin materiallarını təqdim edirlər. Bu tədbirlər bəzən bir neçə məruzəçi ilə keçirilir, tədbirin “beynəlxalq” statusuna baxmayaraq yalnız yerli iştirakçılardan ibarət olur və təqdim olunan məqalələr digər dillərdən fərqli olaraq yalnız Azərbaycan dilində yayımlanır.
Komissiya bu halların qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində məsələni müzakirəyə çıxarıb, belə tezislərin və məqalələrin elmi fəaliyyətin nəticəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Eyni zamanda, “yırtıcı” (predatory) jurnallarda dərc olunmuş məqalələrin elmi fəaliyyətə aid kimi qəbul olunmaması üçün ciddi nəzarət tədbirləri görülür.
Bu baxımdan, real və ciddi elmi tədbirlərə çıxış imkanlarının genişləndirilməsi, maliyyə və təşkilati dəstəyin artırılması, beynəlxalq elmi platformalarla əməkdaşlığın gücləndirilməsi, gənc tədqiqatçıların və doktorantların xaricdə keçirilən keyfiyyətli tədbirlərə inteqrasiyası üçün xüsusi proqramların hazırlanması zəruridir. Elmi nəticələrin yayılması yalnız formal tələblərin yerinə yetirilməsi deyil, həm də beynəlxalq elmi diskursda iştirak imkanlarının artırılması ilə mümkün olacaq.
- AAK yalnız milli deyil, beynəlxalq səviyyədə də qarşılıqlı tanınma və təcrübə mübadiləsi proseslərinə cəlb olunur. Komissiyanın beynəlxalq təşkilatlarla əməkdaşlığı hansı istiqamətlərdə inkişaf etdirilir və gələcək planlar nədir?
- Ali Attestasiya Komissiyasının beynəlxalq əməkdaşlıq fəaliyyəti ölkənin elmi məkanının qlobal elm sisteminə inteqrasiyasına xidmət edən əsas istiqamətlərdən biridir. Bu əməkdaşlıq çərçivəsində həm qarşılıqlı tanınma mexanizmləri formalaşdırılır, həm də təcrübə və tələblərin uyğunlaşdırılması yolu ilə elmi keyfiyyətin yüksəldilməsi məqsədi güdülür.
Bu baxımdan, 2024-cü ildə Komissiyanın beynəlxalq tərəfdaşlarla imzaladığı sənədlər və iştirakı ilə keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi ilə Komissiya arasında imzalanmış memorandum bu istiqamətdə atılmış mühüm addımlardandır. Memorandumun məqsədi Azərbaycan ilə Qazaxıstanın elmi nəşr siyahılarının uyğunlaşdırılması, dissertasiyaların əsas nəticələrinin dərc olunacağı jurnallara dair tələblərin birgə müəyyənləşdirilməsi və elmi mühitin qarşılıqlı inteqrasiyası üçün institusional platformanın qurulmasıdır. Bu, hər iki ölkənin tədqiqatçılarının bir-birlərinin jurnallarında məqalə dərc etdirməsini və elmi mübadilənin gücləndirilməsini asanlaşdıracaq.
Eyni zamanda, Komissiyanın MDB ölkələri ilə əməkdaşlığı davam etdirilir. Komissiyanın yaxın perspektivdə planlaşdırdığı addımlar sırasında isə MDB məkanında əməkdaşlığın dərinləşdirilməsi, türk dövlətləri platformasında mümkün inteqrasiya mexanizmlərinin araşdırılması və elmi nəşrlərin qarşılıqlı tanınmasına dair təşəbbüslərin genişləndirilməsi nəzərdə tutulur. Bu cür əməkdaşlıqlar, həm elmi kadrların mobilliyinə, həm də beynəlxalq tələblərə cavab verən elmi keyfiyyət standartlarının formalaşmasına mühüm töhfə verir.
- Çoxlu sayda yerli tədqiqatçılar impakt faktorlu jurnallarda məqalə çap etdirməkdə dil baryeri, maliyyə tələbləri və elmi rəhbərliklə bağlı çətinliklərlə üzləşirlər. Bu maneələrin aradan qaldırılması və azərbaycanlı tədqiqatçıların beynəlxalq elmi jurnallarda daha fəal iştirakı üçün hansı real dəstək mexanizmləri qurula bilər?
- Nüfuzlu beynəlxalq jurnallarda dərc olunmaq yalnız fərdi tədqiqatçının nailiyyəti deyil, bütövlükdə ölkənin elmi nüfuzunun və akademik potensialının göstəricisidir. Bu, həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqeyinə birbaşa təsir edən amildir.
Komissiyanın xüsusilə, elmi dərəcə və elmi ad almaq istəyən iddiaçılar üçün beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə məqalə dərc etdirmək tələbinin tətbiqi, bu istiqamətdə mühüm keyfiyyət dönüşünə səbəb olub. Bu, təkcə fərdi tədqiqatçıların deyil, eyni zamanda, onların təhkim olunduğu elmi müəssisələrin elmmetrik göstəricilərinə müsbət təsir göstərir.
Bununla yanaşı, Komissiya ingilis dili üzrə imtahanların strukturunu beynəlxalq standartlara uyğunlaşdıraraq, yalnız texniki yoxlama deyil, akademik tədqiqat üçün zəruri olan dildən istifadə bacarıqlarını da qiymətləndirməyə başlayıb. Bu isə tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasını asanlaşdırır.
Lakin qeyd etmək lazımdır ki, bu sahədə real irəliləyiş üçün elmi və ali təhsil müəssisələrində tədqiqat bacarıqlarının inkişafı da zəruridir. Doktorantura və magistratura səviyyələrində metodologiya, akademik yazı və nəşr mədəniyyəti üzrə sistemli tədris və mentorluq təşəbbüsləri olmadan təkcə attestasiya tələbləri ilə bu problemin tam aradan qaldırılması mümkün deyil. Ona görə də bu məsələ təkcə Komissiyanın deyil, bütövlükdə ali təhsil sisteminin prioritet sahələrindən biri olmalıdır.
- Bir çox doktorantlar elmi rəhbərlərinin formal yanaşmasından, vaxt ayırmamasından və istiqamət verməməsindən şikayətlənir. Elmi rəhbərlik institutunun məsuliyyətinin artırılması və keyfiyyətinin təmin olunması üçün AAK hansı mexanizmləri düzgün sayır?
- Elmi rəhbərlik institutunun funksional rolu elmi dərəcə almaq istəyən iddiaçının tədqiqat bacarıqlarının formalaşmasında, elmi nəticələrinin dərinləşdirilməsində və metodoloji dəqiqliyin təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Komissiyanın hazırkı tələblərində elmi rəhbərin ixtisas uyğunluğu və elmi dərəcəsi önə çəkilsə də, praktikada rəhbərlik funksiyasının keyfiyyəti bəzən formallığa çevrilir. Bu isə həm doktorantların elmi inkişafını məhdudlaşdırır, həm də tədqiqatların elmi səviyyəsinə birbaşa təsir göstərir.
Məsələnin kökündə, elmi rəhbərlərin yalnız inzibati vəzifə daşıyan şəxslər deyil, aktiv tədqiqat fəaliyyəti ilə məşğul olan alimlərdən seçilməsi dayanmalıdır. Xüsusilə, nüfuzlu elmi-tədqiqat institutu və ali təhsil müəssisələrində çalışan, beynəlxalq nəşrlərdə çıxış edən, metodoloji bilikləri və sahə üzrə elmi çevrəsi olan gənc alimlərin elmi rəhbərliyə cəlb olunması təkcə fərdi doktorantın deyil, ümumilikdə ölkə üzrə tədqiqat keyfiyyətinin yüksəldilməsinə gətirib çıxara bilər.
Komissiya bu sahədə məsuliyyət və funksionallığı artırmaq üçün yaxın dövrdə elmi rəhbərlərin fəaliyyətinə dair hesabatlılıq, elmi nəticə əsasında qiymətləndirmə, həmçinin rəhbərliyin normativ çərçivəsinin yenilənməsi kimi addımlar atmağı məqsədəuyğun hesab edir. Beləliklə, elmi rəhbərlik formallıqdan çıxarılaraq elmi karyera inkişafında real təsirə malik mexanizmə çevrilə bilər.
- Son illərdə təqdim olunan dissertasiya mövzularının bir qismi ya kifayət qədər elmi yenilik ehtiva etmir, ya da ölkənin sosial-iqtisadi və texnoloji prioritetləri ilə zəif əlaqəlidir. Mövzu seçiminin sistemsiz aparılması, dissertasiya təkliflərinin forma və məzmun baxımından səmərəliliyinə təsir edir. Dissertasiya mövzularının aktuallığını və tətbiq dəyərini artırmaq üçün nə kimi mexanizmlər təklif edilə bilər?
- Dissertasiya mövzularının elmi və tətbiqi aktuallığı istənilən tədqiqatın cəmiyyətə və dövlətə faydasını müəyyən edən əsas göstəricidir. Təəssüf ki, son illərin təcrübəsi bir sıra təqdim olunan mövzuların ya yetərincə elmi yenilik ehtiva etmədiyini, ya da sosial-iqtisadi və texnoloji inkişafla uzlaşmadığını göstərir. Bu isə elmi nəticələrin real problemlərin həllinə töhfə verməsini çətinləşdirir.
Komissiyanın müşahidələrinə əsasən, mövzu seçimi çox zaman sistemsiz şəkildə və formallıqla aparılır. Elmi rəhbərlərin istiqamətverici rolunun zəifliyi, elmi müəssisələrdə tədqiqat strategiyasının olmaması və prioritet sahələrin müəyyən edilməməsi bu vəziyyətin əsas səbəblərindəndir.
2020–2025-ci illərdə ölkə daxilində müdafiə edilmiş fəlsəfə doktoru dissertasiyalarının monitorinqi göstərir ki, bu mövzuların bir çoxunun adları ümumi və deskriptiv xarakter daşıyır. Mövzular əsasən ənənəvi elmi sahələr üzrə seçilir və müasir elmi problemlərə və metodoloji yeniliklərə nadir hallarda toxunulur. İfadələr çox vaxt geniş və məqsəd-məzmun baxımından qeyri-dəqiqdir. Bu da tədqiqatın nəticələrinin praktik tətbiq imkanlarını və elmi yenilik iddiasını zəiflədir. Mövzu seçimi daha çox mövcud akademik maraqlar və ya institutun tədris profili ilə məhdudlaşır.
Digər tərəfdən, xaricdə müdafiə olunmuş və nostrifikasiya üçün təqdim edilmiş dissertasiya işlərində mövzu adları daha dəqiq, məqsədyönlü və konkret metodoloji çərçivəyə malikdir. Mövzular tez-tez qlobal trendlərə (rəqəmsallaşma, insan hüquqları, innovasiya siyasətləri, iqlim dəyişikliyi və s.) uyğunlaşdırılır. Bununla belə, bəzi hallarda bu mövzular Azərbaycan kontekstindən və milli prioritetlərdən uzaq qalır. Bu, onların nostrifikasiya mərhələsində əsas zəif cəhətlərindən biri kimi çıxış edir.
- Elmi dərəcələrin əldə edilməsi ciddi elmi zəhmət və illərlə davam edən tədqiqat fəaliyyəti tələb etsə də, bir çox hallarda bu dərəcələr əmək bazarında rəqabət üstünlüyü və karyera perspektivləri baxımından real əksini tapmır. Bununla yanaşı, elmi dərəcə sahiblərinin ictimai nüfuzunun və intellektual liderliyinin zəifləməsi də geniş müzakirə olunur. Sizcə, elmi dərəcələrin ölkə daxilində dəyərinin artırılması və alim nüfuzunun bərpası üçün hansı institusional təşviq mexanizmləri vacibdir? Hansı təşviq və normativ dəyişikliklər buna müsbət təsir göstərə bilər?
- Müasir dövrdə dünya bilik yönümlü iqtisadiyyat modelinə keçid mərhələsindədir və bu şəraitdə elmin rolu təkcə nəzəri bilik istehsalı ilə məhdudlaşmır, praktik nəticələr və innovativ həllər yaradan əsas vasitəyə çevrilir. Bilik iqtisadiyyatı informasiya və tədqiqatyönümlü bir sistemdir və burada məlumatlar dayanıqlı şəkildə yenilənməli və istifadəyə verilməlidir. Bu isə yalnız aktiv və keyfiyyətli elmi fəaliyyətin mövcudluğu ilə mümkündür.
Bu kontekstdə, elmi dərəcələrin dəyərinin artırılması təkcə rəsmi sənəd səviyyəsində deyil, onların bilik, texnologiya və innovasiya istehsalında funksional rolu ilə ölçülməlidir. Əgər elmi fəaliyyət real tədqiqat nəticələri, patentləşdirilmiş icadlar, praktik tətbiq imkanları və kommersiyalaşma potensialı ilə müşayiət olunarsa, bu zaman elmi dərəcə özünün cəmiyyət və iqtisadiyyat üçün faydasını göstərə bilər. Bu baxımdan, tədqiqatların kommersiyalaşdırılması mexanizmləri və innovativ məhsul istehsalına imkan verən mühitin qurulması əsas şərtlərdəndir.
Digər tərəfdən, elmi fəaliyyətin qlobal elmi cəmiyyətlə inteqrasiyası, beynəlxalq əməkdaşlıq və dünya elmi məkanında rəqabətədavamlı olmaq üçün vacibdir. Bu, həm də elmi dərəcəyə malik şəxslərin bilik istehsalında və texnoloji tərəqqidə aktiv iştirakını təmin edən əsas yoldur. Beləliklə, elmi fəaliyyət lokal deyil, qlobal standartlarla uzlaşmalı, nəticələr yalnız “formallıq” üçün deyil, ictimai və iqtisadi fayda yaratmaq üçün ortaya qoyulmalıdır.
Nəhayət, ali təhsil sistemi yalnız tədrisyönümlü deyil, həm də tədqiqatyönümlü sistem kimi qurularsa, bu, elmi dərəcələrin əhəmiyyətini artıracaq, cəmiyyət tərəfindən tanınmasını gücləndirəcək və innovasiya və icadların təşviqinə real zəmin yaradacaq.
- Son illərdə Azərbaycan elmi qlobal elmi məkanla inteqrasiya səyləri fonunda yeni mərhələyə qədəm qoyur. Lakin elmi məhsuldarlıq, resursların effektivliyi və beynəlxalq tanınma hələ də arzuolunan səviyyədə deyil. Bu kontekstdə sizcə, hazırda Azərbaycan elminin qarşısında duran əsas problemlər və strateji vəzifələr hansılardır?
- Əlbəttə, bu gün Azərbaycan elminin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illərdə elmi dərəcələrin verilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və elmi müəssisələrin akkreditasiyası sahəsində sistemli addımlar atılıb. Lakin qarşıda duran əsas problemləri də açıq şəkildə deməliyik.
Birinci məsələ – elmi fəaliyyətin nəticəliliyidir. Hazırda bəzi tədqiqatların praktiki tətbiq potensialının tam reallaşmaması müşahidə olunur ki, bu da elmin iqtisadi və sosial inkişaf proseslərinə daha geniş töhfə vermək imkanlarını bir qədər məhdudlaşdırır. Elmi nəticələrin real sektorla əlaqələndirilməsi istiqamətində daha sistemli yanaşmalara ehtiyac qalır. Komissiya olaraq biz dissertasiya mövzularının aktuallığına və nəticələrinin ictimai faydalılığına xüsusi diqqət verilməsini vacib sayırıq.
İkinci mühüm məsələ – kadr potensialının dayanıqlığıdır. Elmi sistemdə gənc tədqiqatçıların daha fəal iştirakı və elmi rəhbərlik institutunun praktik funksionallığının gücləndirilməsi istiqamətində əlavə təşviq və dəstək mexanizmlərinə ehtiyac var. Bu, dissertasiya işlərinin keyfiyyətinə təsir göstərir. Biz ekspert şuralarının tərkibində bu balansı saxlamağa çalışırıq və gənc alimlərin cəlb olunmasını təşviq edirik.
Üçüncü məsələ – elmi dərəcə və adların sosial və institusional dəyəridir. Fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinin əmək bazarında rəqabət üstünlüyü kimi daha geniş tanınması və stimullaşdırılması üçün əlavə təşəbbüslərə ehtiyac duyulur. Bu tendensiya gənc nəslin elmi fəaliyyətə marağını təşviq etmək baxımından əlavə dəstək mexanizmlərinin zəruriliyini göstərir. Bu istiqamətdə elmi təşkilatlar, ali təhsil müəssisələri ilə sənaye, iş dünyası və istehsalat sektorları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda bu əməkdaşlıq istiqamətində müəyyən təşəbbüslər olsa da, prosesin daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsinə ehtiyac qalır. Strateji baxışımız ondan ibarətdir ki, elmi dərəcə formal titul deyil, real elmi nəticənin və məsuliyyətin göstəricisi olmalıdır. Bizim bütün fəaliyyətimiz də bu məqsədə xidmət edir.