Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir.
Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayaraq deyib: “Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə bir inzibati qərar deyildi — bu, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.
E.Babayev qeyd edib ki, bugünkü dövrdə isə medianın müasir çağırışlara uyğunlaşması mühüm əhəmiyyət kəsb edir: “Yeni dövr, yeni yanaşma tələb edir. Bizim əsas hədəfimiz bu çağırışlara cavab verən, peşəkar və vətənpərvər yeni media kadrlarının hazırlanmasıdır. Bakı Dövlət Universitetində bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Yerli media qurumları ilə geniş əməkdaşlıq həyata keçirilir, tələbələrimiz müasir təlim metodları ilə təhsillərini davam etdirirlər. Əminik ki, bu ənənələr gələcəkdə daha da möhkəmlənəcək və Azərbaycan mediası dünya miqyasında öz layiqli yerini daha da möhkəmləndirəcək. Media və jurnalistikada müasir çağırışlara uyğunlaşması vacibdir. Bizim əsas hədəfimiz isə müasir çağırışlara cavab verən yeni kadrların hazırlanmasıdır”.