Azərbaycanda cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb və fəaliyyət planı layihəsi hazırlanaraq hökumətə təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Biznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, cəza çəkmiş şəxsin azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasında ən mühüm amillərdən biri sahibkarların bu istiqamətdə dəstək göstərməsidir.
Nazir müavini bir çox hallarda özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin müvafiq islahatların həyata keçirilməsinə əlverişli zəmin yaratdığını qeyd edib, bu islahatlarda onların da yaxından iştirakının vacibliyini vurğulayıb.