15 may 2025 12:40
102

Natiq Məmmədli: Milli mətbuatımızın 150 illik tarixi həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaradır

“Milli mətbuatımızın 150 illik tarixi yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaradır. Bu baxımdan, konfransın mövzusu ilə tarixi təcrübənin və peşəkar mirasın vəhdəti mühüm əhəmiyyət daşıyır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı səsləndirib.

N.Məmmədli konfransın məqsədi və qayəsi barədə ətraflı danışaraq Azərbaycan jurnalistikasının inkişafında iki əsas istiqamətin mövcudluğuna toxunub. Bildirib ki, Medianın İnkişafı Agentliyi bu istiqamətlərin hər biri üzrə sistemli fəaliyyət göstərir. Beynəlxalq ekspertlərin iştirakı ilə “Rəqəmsal yazı: rəqəmsal alətlərin işlənməsi” mövzusunda keçirilən silsilə təlimlər bu sahədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

O, həmçinin təhlükəsizliyə qarşı mübarizə şəraitində medianın rolu və Azərbaycan jurnalistikasının bu sahədə fəaliyyəti ilə bağlı aparılan işlərə də diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan jurnalistikasında elmi tədqiqatların aparıldığı yeganə müstəvi məhz bu cür təşəbbüslərlə genişlənir. N.Məmmədli bu sahədə dəstəyə görə bütün media qurumlarına təşəkkürünü bildirib.

Natiq Məmmədli qeyd edib ki, konfrans yalnız fikirlərin bölüşüldüyü platforma deyil, həm də medianın bazar aktoruna çevrilməsində əhəmiyyətli rol oynayacaq. Konfransda səsləndirilən fikirlər Azərbaycan jurnalistikasının gələcək inkişaf istiqamətlərinə töhfə verəcək.