16 may 2025 00:42
100

Yelisey Sarayının müstəmləkəçi siyasəti ifaşa olunur

Bakı Təşəbbüs Qrupu ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsikanın milli müqavimət hərəkatı olan “Nazione” Hərəkatı koloniliazm və neokolonializmə qarşı mübarizə aparmağa, insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə, beynəlxalq platformalarda birgə addımlar atmağa dair razılığa gəliblər

Beş əsrdən çox dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətləri bəşər tarixinin qara səhifəsidir. Fransa bu gün də sərhədlərindən minlərlə kilometr aralıda, keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur. XXI əsrdə özünü “insan hüquqlarına hörmət edən əsas ölkə” adlandıran rəsmi Paris keçmiş müstəmləkələrində yerli əhalinin əhəmiyyətli bir hissəsinin ən adi hüquqlarını pozur. Hətta vəziyyət o yerdədir ki, Mayot əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi belə yoxdur. Rəsmi Parisin konkret olaraq Yeni Kaledoniyada törətdikləri isə əsl insanlıq faciəsidir. Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik davam edir. Burada polislə etirazçılar arasında dəfələrlə toqquşmalar yaşanıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq ediblər.

Qanlı müstəmləkəçilik siyasətindən hələ də əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarının dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir. Bu arzuların reallaşmasının qarşısının alınması üçün ən iyrənc metodlara əl atır. Yüz illər keçsə də Fransa kolonializminin iyrənc, utancverici metodları bu gün də davam etməkədədir. Hazırda Fransız Qvianasında sosial vəziyyətin getdikcə pisləşməsi, əhalinin təxminən yarısının yoxsulluq astanasında olması, işsizliyin səviyyəsinin durmadan yüksəlməsi bunun əyani təsdiqidir. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.

Azərbaycan Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqların müstəmləkəçiliyə qarşı mübarizəsini daim dəstəkləyib. Bakı Təşəbbüs Qrupu da (BTQ)  öz növbəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edib. Mayın 13-də İtaliyanın paytaxtı Romada BTQ və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfransın keçirilməsi bunun əyani təsdiqidir. Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyevin də iştirak etdiyi konfransda “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar-Korsika milli kimliyinin və korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimiliasiya edilməsi siyasəti kəskin pislənilib, eləcə də onların qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.“Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Chilianu Begliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək, korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir” fikirini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini bildirib.

“Nazione” Hərəkatının üzvləri Thierry Casolasco və Jean-Phillipe Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq, vəziyyətinin belə davam edəcəyi təqdirdə, minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib. Bu xüsusda onlar Fransa hüquq-mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğrunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildiklərini diqqətə çatdırıblar. “Nazione” Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Fransois Benedetti müstəqil Korsikanın 1755-ci il tarixli Konstitusiyasına istinad edərək “Qanuni əsasda özünün yiyəsi olan Korsika xalqı…” ifadəsini xatırladıb. 

BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın kanak, korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib: “Korsika xalqı milli kimliyinin və Korsika dilinin rəsmi statusunun tanınması üçün mübarizə aparır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmək istəmir”. Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə əsasən, BTQ-nin “Nazione” Hərəkatının koloniliazm və neokolonializmə qarşı mübarizə aparmaq, insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəlmələri Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqların Azərbaycandan yardım istədiklərinin əyani təsdiqidir. Bundan əlavə, BTQ və “Nazione” beynəlxalq platformalarda birgə addımlar atacaq. Bütün bunlar bir daha təsdiq edir ki, Bakı Təşəbbüs Qrupu Korsika xalqının müstəmləkəçilik əleyhinə mübarizəsinə mühüm töhfələr verir.

Zahid Rza, “İki sahil”