16 may 2025 11:19
91

Lənkəranda “Ustad dərsi” layihəsinə start verildi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının birgə təşkilatçılığı ilə “Ustad dərsi” adlı yeni təhsil layihəsinin icrasına başlanılıb.

“İki sahil” xəbər verir ki, layihənin əsas məqsədi pedaqogika sahəsində qabaqcıl təcrübəyə malik təhsil mütəxəssislərinin iştirakı ilə ustad dərsləri təşkil etmək, müəllim və tələbələrin pedaqoji səriştələrini artırmaq, eyni zamanda təcrübə mübadiləsinin formalaşmasına dəstək olmaqdır.

15 may tarixində ilk ustad dərsi Türkiyənin tanınmış professoru, təcrübəli pedaqoq Belma Tuğrulun iştirakı ilə Lənkəran Dövlət Universitetində keçirilib.

Tədbirdən öncə Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov qonaqlarla görüşüb və belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək ustad dərslərinin davamlı olmasını arzulayıb. 

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev ATİAH-ın həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. O bildirib ki, təhsil sahəsində aparılan islahatlar, təhsil işçilərinin peşəkarlığının artırılması ölkənin davamlı inkişaf strategiyasının tərkib hissəsidir.

Tehranağa Abdullayev vurğulayıb ki, son 9 ayda həyata keçirilən bu və bu kimi bir neçə genişmiqyaslı layihələr ilk dəfə təşkil olunur və bu təşəbbüslər təhsil sahəsində keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir. T.Abdullayev təhsil işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsinin gələcək nəsillərin formalaşmasına, dövlətçilik dəyərlərinin qorunmasına və milli kimliyimizin yaşadılmasına xidmət etdiyini qeyd edib.

Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, dosent Ramiz Şəmmədov tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. T-Network platformasının rəhbəri Cəfər Mənsimi isə dahi öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrini xatırladaraq iştirakçıları salamlayıb.

Təcrübəli pedaqoq Belma Tuğrul “Sinifdə gələcək. Gələcəkdə sinif” adlı geniş və interaktiv təqdimatla çıxış edib.

Professor Belma Tuğrulun iştirakı ilə növbəti ustad dərslərinin Gəncə Dövlət Universitetində və Bakı Slavyan Universitetində keçirilməsi nəzərdə tutulur.