16 may 2025 23:28
101

Tulapayı qapan sümsük

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ölkəmiz barədə yenə çərənləyib: “Azərbaycanda rusofobiya yaranıb, bizim "Rus evi"mizin fəaliyyəti də qadağan edilib”.

Zatulin sərsəm fikirlərini belə yekunlaşdırıb: “Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir. Qarabağdakı erməni əhalisini oranı tərk etməyə məcbur edən Azərbaycan haqqında başqa cür danışa bilmirəm”.

Göründüyü kimi, zəhər  beyninə necə yeriyibsə Zatulin yenə də  əclaflığından geri  çəkilmir. Lakin özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil. Üstəlik, Azərbaycanın Ermənistanı məğlub edərək təcavüzkarın otuz il işğal altında saxladığı və çapıb-taladığı torpağını azad etməsi onun cızdağını necə çıxarması çıxışlarında hiss açıqca olunur.

Vurğulayaq ki, Konstantin Zatulin özbaşına deyil, hakim Dövlət Dumasında “Vahid Rusiya” Partiyasının deputatıdır. Deməli, o, sarsaq bəyanatlarını, şər və böhtanlarını Kremlin sifarişi ilə səsləndirir. Dediyimiz kimi, rəhbərlikdən icazə almadan belə danışmağa cürət edə bilməz.

Bəs Rusiya rəhbərliyi niyə onun ağzını bağlamır? Görmürlərmi ki, onun  çıxışları ölkələrimiz arasında imzalanmış Moskva Bəyannaməsinin əleyhinə yönəlib? Hakim partiya qərəzkar deputatı Konstantin Zatulini nə üçün cəzalandırmır ki, Azərbaycanla münasibətləri korlayan mövqedən çıxış etməsin? Axı, o, özünü nə deputat, nə siyasətçi, nə də qərəzsiz şəxsiyyət kimi təsdiq edə bilmir.

Xatırladaq ki, türklərə sonsuz nifrətini gizlədə bilməyən Zatulin hələ 2010-cu ildən Azərbaycana gedə bilmədiyini və bunun Azərbaycan tərəfindən ona qoyulan qadağa ilə bağlı olduğunu deyib. O, həmçinin bir neçə gün əvvəl Rusiyaya buraxılmayan Azərbaycan parlamentinin üzvü Azər Badamova qarşı atılan addımın guya onun Rusiya xalqını və Duma üzvünü təhqir etdiyi üçün atıldığını iddia edib. Azər Badamov isə kimsəyə şər atmayıb, yalnız deputat Valuyevin xalqımızı təhqir etməsinə cavab verib.

Falçılıq edən Zatulin Prezident İlham Əliyevin Moskvada keçirilən qələbə paradına getmədiyinin səbəbi barədə tam məlumata malik olmadığını desə də, bunu Azərbaycanın “Rusiyanın Cənubi Qafqazda ən yaxşı dostu olmaması” ilə izah edib: “Sadəcə, arzu olunanı reallıq kimi göstərmək lazım deyil. Azərbaycan Cənubi Qafqazda Rusiyanın müttəfiqi deyil. Azərbaycan Türkiyənin müttəfiqidir, özü də təkcə Cənubi Qafqazda yox... Azərbaycanın Qafqazda Rusiyanın ən yaxşı dostu olduğunu bizə deməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyənin Qafqazdakı ən yaxşı dostudur. Bax bu, daha dəqiq olar. Qalan şeylər isə Rusiya-Azərbaycan münasibətlərində ola da bilər, olmaya da bilər.”

Ancaq böhtançı deputat dilinə gətirmir ki, Ermənistan Rusiyanın dostudur. Lap desə də onun sözlərinə kim inanar?  Yeddi ildir Ermənistanın Rusiya ilə oynadığı “siçan-pişik” oyunlarını bilməyən yoxdur. Baş nazir Nikol Paşinyan rusları vəzifələrdən çıxardı, Ermənistandan qovdu, Prezident Vladimir Putinin portretini ayaq altına atdırdı və yandırdı, rusdilli məktəbləri bağladı. Bunlarla da kifayətlənməyib Rusiyanın sərhəd qoşunlarını, aeroportu qoruyan ordu hissələrini xidmətdən kənarlaşdırdı. Lakin Zatulin bunları heç xatırlatmır, ermənilərə qəzəblənmir, onları pisləmir. Onun iblis gözləri yalnız Azərbaycanı görür.

Nə danışdığını bilməyən Zatulin bilməlidir ki, əvvəla, Azərbaycanda rusofobiya yoxdur, Rusiyanın Azərbaycana qarşı üç yüz illik imperalist, ədalətsiz, qaba və təcavüzkar siyasətindən narazılıq var. İkincisi, bu ölkədə 300-dən çox məktəbdə rus bölmələrində dərs keçirilir. Rus millətindən olan vətəndaşlarımız azad və rahat həyat yaşayırlar. Onları nə izləyən, nə də incidən var. Burada milliyyətinə görə ayrı-seçkilik yoxdur. Ona görə də Zatulinin boşboğazlığı keçməz.

Vəli İlyasov, “İki sahil”