Azərbaycan Respublikası vətəndaşları öz fərdi minik avtomobilləri ilə işğaldan azad olunmuş ərazilərimizdən Şuşa və Suqovuşana 2023-cü ilin dekabrından, Laçına isə 2024-cü ilin aprel ayından müəyyənləşdirilmiş qayda və təlimatlara əməl etməklə “Yolumuz Qarabağa” (https://www.yolumuzqarabaga.az/) portalından əldə olunan icazələr əsasında fərdi minik avtomobilləri ilə səfər edə bilirlər.
Bu barədə Azərbaycan Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, 20 may 2025-ci il tarixindən etibarən isə vətəndaşlar “Yolumuz Qarabağa” portalından əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Xankəndi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xocalı, Ağdərəyə səfər edə biləcəklər.
"Ərazilərin əlçatanlığının təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən ərazilərin yol infrastrukturu təkmilləşdirilir. Bərdə-Ağdam, Əhmədağalı-Alıbəyli-Naftalan-Ağdam, Ağdam-Füzuli, Zəfər yolu, Füzuli-Hadrut-Cəbrayıl, Füzuli-Şuşa, Zəngilan-Qubadlı istiqamətlərində yolların salınması və bu kimi digər həyata keçirilən yol-nəqliyyat infrastuktur layihələri vətəndaşların rahat və təhlükəsiz səfərini hədəfləyir.
Həmçinin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfər edən turistlərin istirahətinin təşkili üçün mehmanxanalar və ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Hazırda Şuşa şəhərində 4 ədəd, Xankəndi şəhərində 10 ədəd, Ağdam rayonunda 2 ədəd, Zəngilan və Laçın rayonlarının isə hər birində 1 ədəd hotel turistlərin xidmətindədir".
Bildirilir ki, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir: "2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.
Bununla yanaşı, Şahbulaq qalası, Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması, Tuğ kəndində və Hadrut qəsəbəsində turizm infrastruktur işlərinin aparılması davam etdirilir və ərazilər mərhələli şəkildə turistlərin qəbulu üçün hazırlanır. Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutunun hazırlanması, eləcə də dövlət-özəl əməkdaşlığı modeli əsasında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarına bir günlük və çoxgünlük turların təşkil edilməsi nəzərdə tutulur".
Trend