Mayın 17-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konqresdə Dövlət Himni səsləndirilib, "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi" mövzusunda videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.
Qeyd edək ki, AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi media tərəfdaşıdır.
***
Mayın 17-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konqresin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqresdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.
Bu gün və sabah təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq.
Tədbirdə, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.
Qeyd edək ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.