İstanbulun Boğaziçi Universitetində Azərbaycanın zəngin mədəni irsini tanıtmaq məqsədilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, mərasim Boğaziçi Universiteti, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, İstanbuldakı baş konsulluğumuz, eləcə də Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlarının (YTB) əməkdaşlığı çərçivəsində təşkil olunub.
Türkiyənin Koç, Sabancı, İstanbul Teknik, Medipol kimi aparıcı universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə hazırlanan tədbirin layihə koordinatorları Boğaziçi və Koç universitetlərinin kompüter mühəndisliyi fakültələrinin tələbələri Şəms Humay Nəsibzadə və Akif Əkbərovdur.
Azərbaycanın zəngin və çoxşaxəli mədəni irsinin dünyaya tanıdılması, qardaş Türkiyə ilə mədəniyyətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyan mərasim mədəniyyətimizin zənginliyini və estetik dəyərlərini əhatəli şəkildə əks etdirib.
Tədbirdə Azərbaycanın qədim tarixə malik milli musiqisi, rəqsləri, geyimləri, xalq sənət nümunələri və ədəbiyyatı geniş təqdim olunub. Proqram çərçivəsində canlı ifalarda tar və kamança kimi milli musiqi alətlərinin müşayiəti ilə muğam və xalq mahnılarımız səsləndirilib, “Nazeləmə”, “Uzundərə” kimi rəqslərimiz nümayiş edilib.
Bundan əlavə, tədbir çərçivəsində milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, qonaqlara Azərbaycan mətbəxinin özünəməxsus təamları təqdim olunub.
Proqramda çıxış edən İstanbuldakı baş konsulluğumuzun konsulu Zaur Allahverdizadə, Boğaziçi Universitetinin prorektoru Gürkan Selçuk Kumbaroğlu və digər rəsmi qonaqlar iki qardaş ölkə arasında mövcud mədəni körpülərin önəmi barədə danışıb, dostluq və qardaşlıq münasibətlərinin hər sahədə olduğu kimi, mədəni platformalarda da daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanınmasına, gənclər arasında milli kimliyin qorunub saxlanmasına və iki ölkə arasında mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət edir.