17 may 2025 21:16
95

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Almaniya 2024-cü il üçün müəyyən edilmiş iqlim hədəfinə formal olaraq çatıb.

“İki sahil” “Welt” televiziyasına istinadla xəbər verir ki, bu barədə İqlim məsələləri üzrə müstəqil Ekspertlər Şurasının hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, ötən il ölkədə istixana qazlarının emissiyası 649 milyon ton karbon qazı ekvivalenti təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3,4 faiz azdır. Mütəxəssislər bu azalmanın əsas səbəbləri kimi qışın mülayim keçməsini, zəif iqtisadi fəaliyyəti və kömür elektrik stansiyalarının mərhələli şəkildə ləğvini göstərirlər. Bu məsələdə ən böyük töhfə enerji sektoruna məxsusdur. Sənaye sahəsində tullantıların səviyyəsi dəyişməyib. Tikinti və nəqliyyat sektorlarında isə tullantılar bir qədər azalsa da, hədəflər yenidən aşılıb.

Ekspertlər gələcək üçün pessimist yanaşma sərgiləyirlər. Hazırkı proqnozlara görə, Almaniya 2030-cu il iqlim hədəfinə çata bilməyəcək. Hesablamalara əsasən, emissiyalar 1990-cı illə müqayisədə yalnız 63 faiz azalacaq. Lakin iqlim qanunvericiliyinə əsasən, bu göstərici 65 faiz olmalıdır.

Qeyd edək ki, federal hökumət tərəfindən yaradılmış 500 milyard avroluq xüsusi fondun 100 milyard avrosu iqlimlə bağlı layihələr üçün nəzərdə tutulub. Bu təşəbbüslərin müsbət təsir göstərəcəyi gözlənilir. Yeni hökumət 2040-cı il üçün iqlim hədəfinə dair proqramı gələn ilin martına qədər təqdim etməlidir.