19 may 2025 17:02
120

İİTKM-də avtomobil yollarında görülən işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı ilə bağlı görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nın icrası ilə bağlı iclas keçirilib. İclasda əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması üzrə müzakirələr aparılıb.

“İki sahil” xəbər verir ki, mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov İİTKM tərəfindən monitorinq və qiymətləndirilməsi həyata keçirilən dövlət proqramları və strategiyalar haqqında məlumatlar verib. O, sözügedən Fəaliyyət Planının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi barədə ətraflı danışıb.

Görüşdə Mərkəzin əməkdaşları Vahid Fəaliyyət Planının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdiriblər. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Fəaliyyət Planının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak ediblər.