19 may 2025 22:06
83

BSU-nun rektoru Sədərək rayonunda məktəblilərlə görüş keçirib

Mayın 19-da Bakı Slavyan Universitetinin (BSU) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə BSU-nun “Konstitusiya və Suverenlik İli” tədbirlər planı çərçivəsində “Yeni dövrün Azərbaycanı” mövzusunda Sədərək rayonunun Mədəniyyət Sarayında şagirdlərlə görüş keçirilib.  “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda BSU-nun rektoru Anar Nağıyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak ediblər. 

“İki sahil” xəbər verir ki, tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən bu görüş gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşmasının və onların gələcək fəaliyyətlərində dövlətçilik prinsiplərinə bağlılığının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  

BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. O, görüşün əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib. 

Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Rektor A.Nağıyev Azərbaycanın dövlət quruculuğu, Konstitusiyaya dövrün tələblərinə uyğun edilən üç mühüm dəyişiklik və bu dəyişikliklərin ümumxalq referendumu vasitəsilə həyata keçirilməsi barədə geniş məlumat verib. O, xüsusilə 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı çətinliklərə diqqət çəkərək, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatları bir daha şagirdlərə xatırladıb. 

A.Nağıyev diqqətə çatdırıb ki, 1993-cü ildə  Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev  heç bir xarici təsirə xidmət etməyən siyasi lider olaraq, dövlətin müstəqilliyini və xalqın rifahını hər şeydən üstün tutaraq “Azərbaycanın gələcəyi naminə hər cür fədakarlığa hazıram” prinsipini həyat amalına çevirmişdir. Məhz Ulu Öndərin rəhbərliyi ilə iqtisadi inkişafın təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb, ölkənin parçalanmasının və işğalının qarşısını alan atəşkəs sazişi imzalanıb, 1995-ci ildə qəbul edilən Konstitusiya isə dövlətçiliyin hüquqi əsaslarını möhkəmləndirib. 

Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, 2003-cü ildə dövlət başçısının xalqa verdiyi vədlərin ardıcıl şəkildə yerinə yetirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb. 

Tədbirin interaktiv bölməsində şagirdlər fəal iştirak edərək, Konstitusiya və suverenlik mövzularında, eləcə də universitet həyatı, təhsil imkanları və ölkənin inkişaf perspektivləri ilə bağlı onları maraqlandıran sualları ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar.