20 may 2025 12:45
115

Orxan Məmmədov: Rəqəmsal transformasiya bizim sədrliyimizin əsas prioritetlərindəndir

Azərbaycanda biz kiçik və orta sahibkarlara (KOS) praktik dəstəyin göstərilməsinə davam edirik. KOB evlərimiz sahibkarlığın qeydiyyatı, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac bazarlarına çıxış kimi xidmətləri bir mərkəzdə təqdim edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, KOB evləri biznes proseslərini sadələşdirməkdə və sahibkarlara inkişaf üçün lazım olan resursların təmin olunmasında effektivliyi ilə seçilir.

“Digər AQEM ölkələrini də bürokratik maneələri azaltmaq və sahibkarlığı təşviq etmək üçün bu kimi modelləri nəzərdən keçirməyə çağırırıq. Rəqəmsal transformasiya bizim sədrliyimizin əsas prioritetlərindəndir. İnanırıq ki, KOS-ların rəqəmsal alət və platformaları mənimsəməsinə dəstək onların əməliyyat səmərəliliyini artıracaq və yeni bazarlara çıxışı asanlaşdıracaq. Bu məqsədlə biz rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlim proqramları təşkil edirik ki, sahibkarlar bu alətləri öz biznes modellərinə inteqrasiya edə bilsinlər”, - deyə O. Məmmədov vurğulayıb.

Qadın sahibkarlığının inkişafının da diqqət mərkəzində olduğunu deyən KOBİA sədri qadınların rəhbərlik etdiyi bizneslərə dəstək göstərməyin dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib: “Sədrliyimiz çərçivəsində qadın sahibkarlar üçün təlim, mentorluq və şəbəkələşmə imkanları yaradacaq xüsusi təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Digər vacib istiqamət isə yaşıl iqtisadiyyatdır. Biz KOS-ları dayanıqlı biznes təcrübələrini tətbiq etməyə və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini fəaliyyətlərinə inteqrasiya etməyə təşviq edirik. Azərbaycanın sədrliyi çərçivəsində yaradılmış Bakı İqlim Koalisiyası bunun bir nümunəsidir. Bu təşəbbüs vasitəsilə biz yaşıl biznes təşəbbüslərini dəstəkləyir və KOS-ların daha dayanıqlı fəaliyyətə keçidinə yardım göstəririk”.