20 may 2025 17:19
123

AZPROMO: Azərbaycan AQEM dövlətlərinə qlobal bazarlara çıxmaq üçün dəstək verir

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə (AQEM) dövlətləri ilə yaxın iqtisadi əlaqələrə malikdir. İstər Asiya, istərsə də Körfəz ölkələri ilə Azərbaycan iqtisadi və ticarət əlaqələrini artırır.

“İki sahil” xəbər verir ki, bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 10-cu biznes-forumunda çıxışı zamanı deyib.

O bildirib ki, cari ilin birinci rübündə Azərbaycanın AQEM-ə üzv ölkələr ilə ixracının dəyəri 1,2 milyard dollar, ümumi ticarət dövriyyəsi isə 4,6 milyard dollar təşkil edib.

“Azərbaycan AQEM dövlətlərinə qlobal bazarlara çıxmaq üçün dəstək verir. Bu rəqəmlər iqtisadiyyatlarımız arasındakı əlaqələrin genişləndiyini göstərir. AQEM-in Nazirlər Şurasının qərarına əsasən 2024-cü ildən başlayaraq 2026-cı ilə qədər Müşavirəyə Azərbaycan sədrlik edəcək. Regional əməkdaşlıq və iqtisadi transformasiya üçün bu mühüm dövrdə platformaya rəhbərlik etməkdən qürur duyuruq. Azərbaycan AQEM-in missiyasına xüsusi önəm verir. Bu, Asiyada inamın qurulması, sülhün təşviqi və əməkdaşlıq üçün unikal çoxtərəfli forumdur. Bu çərçivədə iqtisadi dialoq və özəl sektorun inkişafı davamlı tərəqqinin əsas sütunları kimi önə çıxır”, - deyə Y.Abdullayev bildirib.

Qeyd olunub ki, AZPROMO ixracat və alıcı missiyaları, qlobal sərgilərdə iştirak, bazar araşdırmaları və sertifikatlaşdırma dəstəyi kimi hədəflənmiş təşəbbüslər vasitəsilə ixracatçıların sərhədləri aşaraq inkişaf etməsinə kömək edir: “Ötən il AZPROMO-nun dəstəyilə təxminən 70 Azərbaycan şirkəti Almaniya, BƏƏ, Rusiya, Yaponiya və Çin kimi aparıcı beynəlxalq ticarət sərgilərində “Made in Azerbaijan” brendi altında iştirak edib və təxminən 18 milyon dollar dəyərində müqavilələr bağlayıb. Bu səylər sahibkarlarımızı daha rəqabətli, əməkdaşlığa açıq və regional bazarda uğur qazanmağa hazırlamaq üçündür”.