21 may 2025 00:42
115

Biz dost ölkələrik, strateji tərəfdaşıq

Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin davamı olaraq Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında bildirdi ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur

Azərbaycanın xarici siyasət uğurları bir-birini əvəzləməkdədir. Ölkəmizin hazırkı dövrün çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələri nəzərə alsaq Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də bu ölkəyə işgüzar səfərinin əhəmiyyəti daha aydın olur. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) hər il qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsə uyğun olaraq ötən ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşu keçirildi. Cənab İlham Əliyev həmin Zirvə görüşündəki çıxışında bildirdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm: «Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.» Zirvə görüşünün yekununda isə Prezident İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, bu gün türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik. Tarixən dünya sivilizasiyasına böyük töhfələr vermiş türk sivilizasiyasının tədqiq və təşviq edilməsi, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha qeyd etdik: «Əminəm ki, bugünkü müzakirələr, qəbul etdiyimiz qərarlar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.»

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra ötən ilin noyabr ayında Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu tədbirdə də Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrdən geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, ölkəmiz Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Təkcə son bir ildə keçirilən tədbirlər türk dünyasının birliyinə verilən önəmin aydın ifadəsini yaradır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü mayın 20-21 tarixlərində Budapeştdə keçirilir. Cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri bu Zirvə görüşündə iştirak etmək məqsədi daşıyır.

Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunan Zirvə görüşündə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı, müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi iştirak edəcək. Zirvə görüşü TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçirilir və bu, Macarıstanın türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunu təsdiqləyir. «Şərq və Qərbin Görüş Nöqtəsi» mövzusunda keçirilən qeyri-rəsmi Zirvə görüşündə prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələləri müzakirə etmək kimi mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur. Zirvə görüşünün sonunda qəbul ediləcək, TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən Budapeşt Bəyannaməsi, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslər ümumilikdə türk dünyasının birliyinə, həmrəyliyinə öz töhfəsini verəcək.

Ümumilikdə türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev türk dünyasını böyük bir ailə kimi dəyərləndirir. Belə bir çağırışı səsləndirir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Reallıq budur ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi regionda, dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, , həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Qazaxıstan tərəfindən tikilən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və sair qeyd etmək olar. Eyni zamanda, 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır. Tam əminliklə söyləmək olar ki, ortaq soykök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirmişdir: «Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.» Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb. Türk dünyasının birliyinə yönələn yol Naxçıvandan başlanıb. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. O vaxt Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var.

Azərbaycan Türk Şurasına (hazırda Türk Dövlətləri Təşkilatı) sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatına, dağıntılara səbəb oldu. Azərbaycan ilk dəstək göstərən ölkə oldu. “Biz sizinləyik, qardaş Türkiyə!” devizi altında həyata keçirilən yardım kampaniyası dünyaya türk dünyasının növbəti birlik mesajı oldu. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.

Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Baş nazir Viktor Orban, xarici işlər və ticarət naziri Peter Siyyarto dəfələrlə bəyan ediblər ki, Macarıstan həm Avropanın ən Şərq, həm də türk dünyasının ən Qərb dövlətidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik, regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşü oldu. Geniş tərkibdə görüşdə Baş nazir Viktor Orban vurğuladı ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir. O, ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı İlham Əliyev ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğuladı. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edildi. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulandı. Cəbrayılın Soltanlı kəndinin, həmçinin məktəb tikintisi layihəsinə görə Macarıstana təşəkkür bildirildi. Humanitar sahədə uğurlu əməkdaşlığa toxunuldu, azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları və onlara təhsil təqaüdlərinin ayrıldığı qeyd edildi. Söhbət zamanı enerji, investisiyalar, əczaçılıq, qida sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Prezident İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatları da iki ölkənin münasibətlərinin dünəninə və bugününə baxış əsasında perspektivlərin açıqlanmasında yardımçı oldu. Qeyd edək ki, 1992-ci ildə qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayır. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da gücləndi və ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoydu. Sənəd iki ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan etdilər. Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir. Eyni zamanda, sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini ön plana çəkir. Macarıstanın Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bu təşəbbüsə qoşulmaq niyyəti Azərbaycanın Avropanın enerji təminatında artan rolunu bir daha təsdiq edir.

Dövlət başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə mətbuata birgə bəyanatında «Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq» söyləyərək onu da bildirdi ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var: «Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.»

Cənab İlham Əliyev vurğuladı ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var. Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir: «Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq.»

Əlaqələrin inkişafında enerji sektorunun rolu inkaredilməzdir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Macarıstanın enerjinin şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.

Sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. 2023-cü ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi, həmin ilin iyulunda isə “Scandens Pharmaceutical Industries Ltd” MMC ilə “Gedeon Richter” şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında Müqavilə imzalanıb. Bu ilin aprelində isə “Azərkosmos” ilə “4iG Space and Defence Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Onu da qeyd edək ki, 2022-ci ilin yanvarında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdı.

Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur: «Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.»

Bu fikir daim önə çəkilir ki, ölkələr arasında əlaqələrin inkişafında liderlərin dostluq münasibətləri mühüm rol oynayır. Bu mühüm amil Azərbaycan-Macarıstan münasibətlərində də özünü aydın şəkildə nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Prezident İlham Əliyev Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.

İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.

İki ölkənin hakimi partiyaları da əlaqələrin inkişafına davamlı töhfələr verir. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP) ilə hakim Fides - Macarıstan Vətəndaş Birliyi Partiyası arasında səmərəli əməkdaşlıq mövcuddur. Ötən il YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda Fides - Macarıstan Vətəndaş Birliyi Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki çıxış etmişdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə mətbuata birgə bəyanatında tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edərək bildirdi ki, Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.

Cənab İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesinə də diqqət yönəltdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib.

Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir. Bu proses, həmçinin bölgələrarası əlaqələrin güclənməsinə və beynəlxalq iqtisadi sistemdə daha böyük mövqe tutmalarına şərait yaradacaq. Ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında «Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur» fikirləri ilə münasibətlərimizin nəinki bu günü, eyni zamanda, gələcəyi barədə aydın təsəvvür yaratdı. Viktor Orban bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik.

Yeganə Əliyeva, «İki sahil»