20 may 2025 23:57
110

Yeməyin dadı yox, DƏRDİ ÇOX - BƏS, NƏ EDƏK?

Və yaxud təhlükəni süfrəyə gətirməmək öz əlimizdədir

Ətirlə dolu restoran havası, iştah açan menyular, incə musiqi sədaları və zəngin süfrələr... Bu mənzərə bizə rahatlıq və zövq vəd edir. Amma görünən hər şey, doğrudanmı, göründüyü qədər təmiz, təhlükəsiz və sağlamdır? Bəzən gözəl bəzədilmiş süfrələrin arxasında sağlamlığımızı təhdid edən gizli təhlükələrin olduğunu düşünmək bəlkə də bir çoxumuzun ağlına gəlmir. Amma təəssüflər olsun ki, bəzən bahalı restoranların ən cazibədar menyuları belə sağlamlıq üçün “xəfif zəhər” daşıyır. Ucuz, lakin insan orqanizmi üçün təhlükəli qatqılarla zənginləşdirilmiş məhsullar, istifadə müddəti keçmiş ət və süd məmulatları, keyfiyyətsiz içkilər – bunlar təkcə cibə deyil, sağlamlığa da ciddi ziyan vurur.  Xüsusilə son dövrlərdə bəzi ictimai iaşə obyektlərində təqdim olunan qidalarla bağlı yayılan şikayətlər və zəhərlənmə halları bu sahədə ciddi problemlərin mövcudluğundan xəbər verir.

Bəs sözügedən təhlükədən necə qoruna bilərik?

Keyfiyyətsiz məhsullar bahalı menyularda – paradoksal vəziyyət

Ən çox narahatlıq doğuran məqamlardan biri də budur ki, süni tərkibli, saxta və mənşəyi qeyri-müəyyən olan qidalar bəzən yüksək qiymətə müştəriyə təqdim olunur. Qiymət – keyfiyyət balansının pozulduğu bu müəssisələrdə əsas məqsəd yalnız gəlir əldə etməkdir. Belə yanaşma isə insan həyatını təhlükə altına qoyur.

Görünən təmizlik hər zaman real təhlükəsizliyi əks etdirmir

Bəzi restoranlar vizual təmizliklə müştəridə yaxşı təəssürat yaratmağa çalışsa da, arxa planda – mətbəxdə və anbarda gigiyenik qaydalara riayət olunmaması, məhsulların yanlış saxlanılması və istifadə müddətinin ötməsi ciddi təhlükə yaradır. Əsas problem də budur ki, çox zaman müştəri bu detallar barədə məlumatsız olur.

Restoran seçərkən nəyə diqqət etməliyik?

Müəssisənin rəsmi qeydiyyatı və lisenziyası olub-olmadığını öyrənin.

Mətbəxin şəffaflığı və gigiyenik şərait ilk baxışdan seçilir.

Sifariş verməzdən əvvəl yeməyin tərkibi və mənşəyi barədə məlumat almaq hüququnuzdan istifadə edin.

Sosial şəbəkələrdəki rəylər və ictimai münasibətlər, restoran haqqında ilkin fikir formalaşdırmağa kömək edə bilər.

Cəmiyyətin səsi – ən böyük nəzarət vasitəsidir

Bu problemlərin həllində dövlət qurumlarının fəaliyyəti nə qədər vacibdirsə, ictimai nəzarət də bir o qədər önəmlidir. Sosial şəbəkələrdə paylaşdığınız real təcrübələr, gördüyünüz nöqsanları ictimailəşdirməyiniz cəmiyyət üçün mühüm siqnaldır. Hər şikayət bir xəbərdarlıq, hər paylaşım bir xəbərdarlıq siqnalıdır.Təkcə cərimələr və inzibati tədbirlər problemi tam həll etmir. Bu sahədə jurnalistlərin araşdırmaları, sosial şəbəkə istifadəçilərinin məlumatlılığı və vətəndaşların hüquqi fəallığı əsas rol oynayır. İctimai nəzarət və maarifləndirmə olmasa bir çox hallarda təhlükə “gözlə görünməz” qalır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "1003" qaynar xəttinə məlumat vermələri xahiş olunur.

Təhlükəsiz restoranı necə tanıyaq?

Əvvəlcə unutmayaq ki, lüks görünüş heç də həmişə təhlükəsizlik demək deyil. Təhlükəsiz restoran lisenziyalı və şəffaf fəaliyyəti olan, mətbəxinə baxmağa icazə verən, əməkdaşlarının təmizliyinə əməl edən, qida məhsullarının mənşəyi barədə açıq danışan müəssisədir. Əgər menyuda sizə tanış olmayan və ya mənşəyi şübhəli yeməklər yer alırsa, çəkinmədən sual verin. Siz restoranda qonaq deyil, eyni zamanda müştərisiniz — hüququnuz var. AQTA tərəfindən qeydiyyatdan keçmiş obyektlərə üstünlük verin – bu, təhlükəsizliyin ilkin təminatıdır.

Restoranda yemək yemək yalnız mədəniyyət və zövq məsələsi deyil – bu həm də sağlamlıq və həyat məsələsidir. Bunu təmin etmək üçün həm dövlət qurumları, həm restoran sahibləri, həm də istehlakçılar öz üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Unutmayaq ki, düzgün seçim  sağlam həyatın açarıdır. Təhlükəni süfrəyə gətirməmək öz əlimizdədir. Sağlam cəmiyyətin təməli təhlükəsiz və keyfiyyətli qida ilə başlayır.

Yaqut Ağaşahqızı, “İki sahil”