Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış təlimlər davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” təlim modulu əsasında insan resursları üzrə ixtisasartırma kurslarının təlimçisi Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevdir.
20 may tarixində keçirilmiş təlimin açılışında Mayis Əliyev və Mərkəzin direktor vəzifəsini icra edən, dosent Vüqar Hümbətov çıxış edərək qeyd ediblər ki, təlimin əsas məqsədi əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi qanunvericiliyə dair bilgilərin verilməsidir. Sözügedən təlimin ötən ildən başlayaraq Mərkəz tərəfindən artıq 3-cü dəfə həyata keçirildiyi diqqətə çatdırılıb.
Bir aydan artıq davam edəcək təlimdə iştirakçılar əmək qanunvericiliyinin əsasları, müəssisədə insan resursları işinin təşkili və kadr kargüzarlığının aparılması, əməyin mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklərini həmçinin praktiki vərdişlərini təkmilləşdirəcəklər.