Bu ilin yanvar-aprel aylarında Azərbaycan Çindən 165 blok-qatar qəbul edib.
"İki sahil" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Arif Ağayev bildirib.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak edib. Sian şəhərində keçirilən tədbirin mövzusu “Kəmər və Yol Təşəbbüsü” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub.
Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub. Qeyd edilib ki, “China–Europe Express” “Kəmər və Yol Təşəbbüsü”nün əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır.
Forumda çıxış edən A.Ağayev qeyd edib ki, Azərbaycan Çinə təkcə ticarət tərəfdaşı deyil, həm də etibarlı strateji müttəfiq kimi baxır: "Bu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi etibarlı, dayanıqlı və rəqabətədavamlı yükdaşıma marşrutlarını təmin etməklə Şərq və Qərb arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".
A.Ağayev vurğulayıb ki, 2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 % artaraq 612 min ton olub: "Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı sürətlə artır. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin 4 ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir. Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir".
ADY sədrinin müavini qeyd edib ki, Çinin strateji əhəmiyyətli nəqliyyat qovşaqlarından biri olan Sian şəhərindən başlayan ekspres Avropa ölkələrinə, o cümlədən Almaniya, Polşa, Macarıstan, Çexiya, Litvaya da müntəzəm yük daşımalarına təkan verəcək. O, əlavə edib ki, “China–Europe Express” Asiya və Avropa arasında logistik əməliyyatların sürətləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin təşviqi və iştirakçı ölkələrin ixrac-idxal potensialının dəstəklənməsi kimi üstünlükləri təmin edəcək.
Tədbir zamanı ADY sədrinin müavini Arif Ağayev KİV nümayəndələrinin suallarını cavablandırıb.