22 may 2025 02:58
113

Tarix tarixdir

Dövlət başçısı İlham Əliyev Ankarada «Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bir daha bu əminliyi ifadə edir ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaq

Tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimizin uğurları son beş ilin reallıqlarında özünün aydın ifadəsini tapır. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində tarixi Zəfərə imza atdıq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində bəlli olan səbəblərə görə Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik: «Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi. Bu gün biz azad Qarabağda azad yaşayırıq.» 

Tarixi Zəfərimizdən sonra günümüzün əsas çağırışı Qərbi Azərbaycana qayıdış oldu. Bu məsələ bütün dövrlərdə öz aktuallığını qorusa da Qarabağ və Şərqi Zəngəzur tarixi sahibinə qovuşmadan öncə Qərbi Azərbaycana qayıdışın reallığa çevrilməsindən danışmaq mümkün deyildi. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra, 2022-ci ilin dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu hədəfi açıqladı ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, xəritələr təsdiqləyir, tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.

Bu çağırış dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında yer alır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin təmin edilməsinin prioritet məsələ kimi qarşıya qoyularaq addımların atılmasında da tarixi həqiqətlərimizin təbliğinin əsas hədəf kimi qarşıya qoyulması danılmazdır. Azərbaycanın ən çətin günlərində, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ilk çağırışlarından biri bu oldu ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.

Soydaşlarımızın birliyinin daha da möhkəmlənməsində öz sözünü deyən Dünya Azərbaycanlılarının qurultayları tarixi həqiqətlərimizin təbliğində əhəmiyyətli rolu ilə diqqətdə oldu. 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilən qurultaylarda çoxəsrlik tariximizin bütün səhifələrinə diqqət yetirildi və bu gün tarixi qovuşan Qarabağ münaqişəsinin həllində mühüm amillərdən olan diplomatik mübarizədə üstünlüyümüzün təmin edilməsində uğurlar qazanıldı. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə Dünya Azərbacanlılarının III Qurultayındakı çıxışında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik. Dağlıq Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu, əsrlər boyu xalqımızın bu ərazilərdə yaşayıb yaratdığını əsaslı şəkildə qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılmışdır. Müharibənin ilk illərində ermənilər o abidəni dağıtmışlar. Ancaq tarixi dəyişdirmək mümkün deyildir. Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. 

Dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlını qarşısında bu hədəfi qoydu ki, tariximizi bilməli, eyni zamanda, onun təbliği istiqamətində addımlar atmalıyıq.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da özündə mühüm məqamları ehtiva etmişdir. Ulu Öndər tarixin saxtalaşdırılmasına yol verilməməsini tarixçilərin qarşısında mühüm vəzifə kimi qoymuşdu. Həmin görüşdən sonrakı dövrün təhlili bu reallıqlara işıq salır ki, tarixi araşdırmaların miqyası genişlənmiş, tarixi faktlar əsasında kitablar çap edilərək müxtəlif dillərə tərcümə edilmiş, beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə də bu hədəfi açıqladı ki, tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Təbliğat işinin davamı olaraq beynəlxalq konfransların, sərgilərin keçirilməsinin vacibliyi bildirildi. Prezident İlham Əliyev həmin görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasının vacibliyini də bildirdi. Həmin konsepsiya qısa müddətdə hazırlandı və artıq üç ilə yaxındır uğurla icra edilir. Bunun üçün Qərbi Azərbaycan İcmasının bu müddət ərzində gördüyü işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Mayın 21-də Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bu tərkibdəndir. Dövlət başçısı İlham Əliyev «Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi» mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu mühüm məqamı xüsusi qeyd edir ki, Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin çağırışlarında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti daim önə çəkilir. Ölkə Prezidentinin «Bir dövlətin iki diasporu ola bilməz» çağırışı özündə bununla bağlı mühüm məqamları ehtiva edir. Daim vurğulanır ki, aəzrbaycanlılara qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilərə türklərə qarşı qondarma «erməni soyqırımı» məsələsini irəli sürür. Diasporumuzun birgə fəaliyyətinin uğurlu nəticələrini 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə gördük. Müharibənin gedişi dövründə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının müxtəlif ölkələrdə keçirdikləri çoxlu sayda aksiyalar diqqətdən kənarda qalmadı. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlardan biri iki qardaş ölkənin media sahəsində əməkdaşlığının daha da möhkəmləndirilməsi oldu. Belə ki, Ortaq Media Platformasının yaradılması ölkəmizə qarşı aparılan qərəzli, əsassız təbliğatların qarşısına tarixi həqiqətlərin, real faktlarına qoyulmasına yardımçı oldu.

Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində onu da təəssüf hissi ilə qeyd etdi ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə, Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır. Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.

Həmin müraciətdə Qərbi Azərbaycana qayıdışımızı şərtləndirən bütün amillər öz əksini tapıb. O da vurğlanır ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. Belə bir əminlik ifadə edilir ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaq.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etməsi ölkəmizin hər bir məsələni sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsində maraqlı olduğunu təsdiqləyir. Bu təklifin reallığa çevrilməsi istiqamətində Azərbaycanın atdığı addımlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında bu məsələyə xüsusi diqqət yönəldilir. Bu günlərdə cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı da bu məsələ diqqətdə oldu. Dövlətimizin başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirdi ki, İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik: «Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib.» Sülh müqaviləsinin bağlanmasına gəldikdə isə burada iki əsas şərtin olduğu vurğulandı. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, son illərin hadisələri və proseslərin gedişatı gec-tez onların bizim təklifimizlə razılaşmağa məcbur olacaqlarını göstərir. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

Yeganə Əliyeva, «İki sahil»