22 may 2025 15:14
152

Müstəqil Azərbaycanın ilk konstitusiyası

Mayın 22-də YAP Masallı rayon təşkilatı “Konstitusiya və Suverenlik” ili çərçivəsində Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Müstəqil Azərbaycanın ilk konstitusiyası” mövzusunda növbəti seminarı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev  çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Cəlal Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Azərbaycanın mərhum prezidenti Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Seminarda Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Seminarda iştirak edən Günay Xəlilova, Ağahüseyn Hüseyni, Fidan Xəlilova və başqaları çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın demokratik, dünyəvi dövlət kimi ştrixlərini özündə cəmləşdirən qanun kimi yarandı. Bu gün  Dövlətimiz Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu qanunun tələblərinə uyğun olaraq idarə edilir.